“Qərbi Azərbaycan” proqramı: Soydaşlarımızın sivil qayıdışı və regionda sülhə təsiri- ÖZƏL

Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan iddia edib ki, Azərbaycan "Qərbi Azərbaycan" proqramı çərçivəsində artıq 100 mindən çox şəxsi Ermənistana geri dönüş üçün qeydiyyata alıb. Onun sözlərinə görə, hər gün yüzlərlə insan könüllü şəkildə "Qərbi Azərbaycan" təşkilatına müraciət edir, həmçinin əvvəlki nəsillərin nümayəndələri də qeydiyyata götürülür. Tatoyan bildirib ki, verilən şəxsiyyət vəsiqələrində Ermənistanın yaşayış məntəqələri doğum yeri kimi göstərilir.

"Qərbi Azərbaycan" proqramının davam etdirilməsi regiondakı sülh prosesinə hansı istiqamətdə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
" Arman Tatoyan demək olar ki, siyasi aləmə ombudsmanlıqdan gəlib və onun ideyaları böyükdür. Deyəsən, prezident olmaq niyyətini və ya baş nazir olmaq niyyətini güdür, hətta bir neçə dəfə bunu açıqlamalarında deyib. O qatı millətçidir, radikaldır, faşistdir. Bu açıqlamasındakı rəqəmləri göstərir ki, guya yüz min insan gəlib bura və.s, bunlar yalandır. Geri dönmək istəyənlərin sayı qat-qat çoxdur. Əgər bəzi insanlar da öz həyatını dəyişibsə, geridə onların övladları və nəvələri var. Qərbi Azərbaycan mənşəli insanların sayı Azərbaycanda demək olar ki, həddən artıq çoxdur. Bu onların təbii hüququdur və onlar ana vətənə qayıtmaq istəyirlər.  Bu onların doğum yeridir, dədə-babalarının yaşadığı məkandır. Arman Tatoyan burada fürsətdən istifadə edərək rəqəmləri azaldır. Ermənilərin Qarabağdan çıxmasına gələndə hamısı deyir ki,150 min insan oradan çıxıb, amma əslində orada yaşayanların sayı çox azdır. Yenə də ermənilərin bu prosesdə saxtakarlığının şahidi oluruq. Məsələ ondadır ki, insanların oraya dönüşü sülhə böyük təminat verəcək. Birincisi, barışıq prosesi başlayacaq. Digər tərəfdən, Prezidentimizin dediyi kimi, bizim insanlar oraya tanklarla, zirehli texnika vasitələrlə yox, avtomobillərlə gedəcəklər. Bu sivil qayıdışdır və orada bizim soydaşlarımızın heç bir aqressiv planı yoxdur. Onlar sadəcə öz doğma yurdlarına qayıdıb, öz vətəndaşlığını götürüb inteqrasiya etmək istəyirlər. Digər tərəfdən, öz paylarını ölkənin inkişafına verəcəklər.  Ağılları olsa ermənilər bu məsələyə çoxdan "hə" demişdilər.  Sadəcə onlar öz arşınları ilə bütün prosesləri ölçürlər.  Çünki əvvəllər qan töküldü və vəhşiliklər görüldü, onlar düşünür ki, Azərbaycanlılar ora əvəz çıxmağa gəlirlər.  Xeyr, Azərbaycanlılar oraya əvəz çıxmağa gəlmirlər. Azərbaycanlıların bütün niyyətləri dinc və sabit həyatla bağlıdır ki, bölgəyə sülh gəlsin. Müharibə artıq bitib və qarşıdurma mərhələsinin sona çatmasının vaxtı gəlib. Amma onlar barışmaq istəmirlər, çünki öz qərəzləri bunu qəbul etməyə imkan vermir. Ona görə hesab edirəm ki, sülh prosesində bizim soydaşlarımızın iştirakı son dərəcə vacibdir. Bu məsələ artıq regionumuzun sərhədlərindən də çıxıb. BMT səviyyəsində sərhədlərimiz qəbul olunub. BMT-nin Cenevrə ofisində insan haqları ilə bağlı komissiyalar, beynəlxalq təşkilatların iştirakı ilə söhbətlər və diskussiyalar aparılıb, konfranslarda iştirak edilib. Bu məsələ beynəlxalq gündəmdə öz yerini tutub. Ermənistan bu məqamdan narazıdır və elə bilir ki, məsələnin üstünü örtmək onları üstün vəziyyətə gətirəcək. Amma bu boş bir xülyadır. Azərbaycan bu məsələni beynəlxalq gündəmə ciddi şəkildə daxil edib. İnsanların təbii haqqıdır ki, doğulduqları yerlərdə və dədə-babalarının məkanında məskunlaşsınlar, özlərini ifadə etsinlər. Bu planlar heç bir aqressiv niyyətlə bağlı deyil, əksinə Azərbaycanlılar dinc yollarla, dialoq və qarşılıqlı hörmətlə belə bir şərait yaradırlar ki, heç kim inciməsin. Tarixdən də görürük ki, bizim dədə-baba yurdumuz olan bu ərazilərdə ömür boyu Türklər yaşamışdır. Amma iki əsr əvvəl bəzi hadisələr nəticəsində ermənilərin köçürülməsi həyata keçirilmişdir. Bu, yazılmış tarixdir, biz bunu uydurmuruq. Fərqli olaraq, biz tarixi elmi əsaslarla təqdim edirik.
Bəli, keçmişdə liderlərimiz müxtəlif səbəblərdən bəzi torpaqları ermənilərə veriblər. Düzdür, orada ağır geosiyasi şərait də olub, əlavə qüvvələrin iştirakı olub. Amma indiki vəziyyətdə biz tarixi yadımızdan çıxara bilmirik və bu, Azərbaycanlıların aqressiv planlar üzərində işlədiyi anlamına gəlmir. Kifayət qədər müharibələr olub,  insanlar müharibələrdən yorulub və ona görə sabit, sakit, dinc həyat tərzinə hazırdırlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31