“Rusiya İmperiyası üçüncü çöküş mərhələsinə qədəm qoyub” – Elçin Xalidbəyli – ÖZƏL
3 Sentyabr 13:56 SiyasətRus filosof və politoloq Aleksandr Duqin miqrantlarla bağlı qalmaqallı açıqlama verib. O Rusiyada yaşayan azərbaycanlılar, taciklər və özbəkləri cəmiyyət üçün "ən toksik" qruplar adlandırıb. Duqinə görə, miqrantların Rusiyada qalmasının yeganə yolu assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir. Onun fikrincə, pravoslavlığı qəbul edib Rusiyanın dəyərlərini müdafiə edənlər artıq miqrant yox, rus xalqının bir hissəsi sayılmalıdır.
"Rusiya İmperiyası artıq çöküş mərhələsinə keçid edib. Birinci mərhələdə Çar Rusiyası dağıldı və onun yerində keçmiş SSRİ yaradıldı. Sovetlər də 70 illik mövcudluğundan sonra çökməklə parçalandı və nəticədə indiki Rusiya ortaya çıxdı. İndi isə Rusiya İmperiyasının sonuncu - üçüncü çöküş mərhələsi yaşanır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, artıq Rusiyada da bir çoxları anlayır ki, yaxın gələcəkdə bu imperiya öz mövcudluğunu sona çatdırmalı olacaq. Əslində Ukrayna savaşının başlanması da məhz Rusiya İmperiyasının çöküşünün qarşısını almaq məqsədi daşıyırdı. Çünki Rusiya İmperiyasının varlığı üçün Ukrayna əsas faktorlardan biridir. Ukraynanın itirilməsi və onun Qərbə inteqrasiyası isə Rusiya İmperiyasının qaçılmaz sonunu sürətləndirəcək. Məhz buna görə də Rusiya Ukraynaya qarşı müharibə başladı.
Siyasi şərhçi bildirib ki, işğalçılıqla bütün dünyaya hələ də güclü dövlət və ya imperiya olduqlarını sübut etməyə çalışırlar. Amma artıq yolun sonuna gəlinmiş kimi görünür və Rusiya üçün çıxış yolu qalmayıb. Ona görə də yeni düşmənlər axtarır, müxtəlif yollar və planlar qururlar. Çünki imperiyaların mövcudluğunu təmin edən əsas amillərdən biri də xarici düşmən faktorudur.
"Uzun illər ərzində Rusiya müxtəlif etnik qruplar arasında qarşıdurmalar yaradaraq onları nəzarəti altında saxlamağa çalışıb. Lakin son illərdə bu siyasəti də uğursuzluğa düçar olub. Keçmiş sovet məkanında artıq heç kim Rusiyanın bu məkirli oyunlarına aldanmır. Buna görə də yeni variantlar axtarır, dini və milli zəmində qarşıdurmalar yaratmağa çalışırlar. Hətta rusların "ali irq" olduğunu ön plana çıxarmaqla faşizmin rus variantını formalaşdırmağa cəhd edirlər. Bu çərçivədə azərbaycanlılara, özbəklərə, taciklərə psixoloji hücumlar edilir, zorakılıqlar törədilir və onlar hədəfə alınır. Halbuki azərbaycanlıların, taciklərin, özbəklərin və digər qeyri-rus xalqların Rusiyada qanun çərçivəsində yaşamasında problem yoxdur. Ancaq onlardan İslamdan imtina edib ruslaşmalarını tələb etmək qeyri-mümkündür. Çünki bu xalqlar öz köklərinə bağlıdır və heç bir halda assimilyasiyaya boyun əyməzlər", - deyə Elçin Xalidbəyli əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Sovetlər vaxtilə "Sovet xalqı" anlayışı altında bütün xalqları eyniləşdirib ruslaşdırmağa çalışmışdılar, amma bu, baş tutmamışdı. İndi isə Dugin kimi qondarma filosoflar bu ideyanı gündəmə gətirərək bütün xalqları rus xalqına çevirmək istəyirlər. Lakin bu, reallıqda mümkün deyil. Nə azərbaycanlılar, nə taciklər, nə özbəklər, nə də digər xalqlar ruslaşmaya razı olar. Ən pis halda isə onlar öz ölkələrinə qayıtmağı üstün tutarlar.
Sevda Dəniz