Xalqımızın və dövlətimizin xilaskarı- ÖZƏL

"Azərbaycan xalqının xilaskarı, müasir dövlətimizin memarı və ideyaları ilə millətə güc verən Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin və ictimaiyyətinin böyük dəstəyi və təkidi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "1990-1993-cü illər onun siyasi fəaliyyətində mühüm mərhələdir və haqlı olaraq "Naxçıvan dövrü" adlanır. Bu illərdə SSRİ-nin hələ mövcud olduğu çətin şəraitdə Heydər Əliyevin təşəbbüsü ilə müstəqil dövlətçiliyimizin ilkin təməlləri qoyuldu. Onun Ali Məclisin Sədri seçilməsi həm demokratik hadisə, həm də Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi oldu.
Blokada və ağır sosial-iqtisadi şəraitdə Heydər Əliyev gərgin fəaliyyəti ilə muxtar respublikada sabitliyi təmin etdi, islahatlar həyata keçirdi, Naxçıvanı inkişaf və həmrəyliyin mərkəzinə çevirdi. Beləliklə, müstəqillik tariximizin parlaq səhifələrinin əsası məhz burada qoyuldu.
Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev atasının müəyyən etdiyi yolla gedərək Azərbaycanın müstəqilliyini möhkəmləndirmiş, ölkəmizi yeni zirvələrə çatdırmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31