Azərbaycan-Çin əməkdaşlığı hər iki ölkənin strateji maraqlarına uyğundur- ÖZƏL

"Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir. Bakı Qərb, Rusiya və Çinlə paralel və balanslı əməkdaşlıq qurmaqla öz müstəqil diplomatik xəttini qoruyur. Bu isə Azərbaycanın regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin iki ölkə arasında münasibətlərin 30 ildən artıq uğurlu inkişaf yolunu vurğuladı, əməkdaşlığın energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çinlə əlaqələrin prioritet olduğunu bildirib və "Bir kəmər, bir yol" təşəbbüsündə Orta Dəhlizin səmərəliliyini xüsusi vurğulayıb.

Tərəflər ticarət əlaqələrinin artdığını, vizasız gediş-gəlişin turizmə təkan verdiyini və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi qeyd etdilər. Görüşdə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərar olunması istiqamətində irəliləyiş müsbət qiymətləndirildi. Bu görüş, həmçinin Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsini simvollaşdırır, iqtisadi əməkdaşlıq genişlənir, siyasi dəstək qarşılıqlıdır. Perspektivdə ticarət həcminin artması (xüsusilə energetika və tranzit sahəsində), turizm əməkdaşlığının güclənməsi gözlənilir. Ümumilikdə münasibətlər möhkəm və qarşılıqlı faydalıdır, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur.

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüş zamanı bildirib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31