Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...
2 Sentyabr 22:56 SiyasətRaşizmin təbliğat maşının aparıcı isimlərindən biri olan Vladimir Solovyovun "Əgər Azərbaycan Dərbənd uğrunda döyüşmək qərarına gəlibsə, ona qarşı İranla birgə "xüsusi hərbi əməliyyat" keçirə bilərik" açıqlaması Rusiyanın gücünün deyil, gücsüzlüyünün və əlacsızlığının göstəricidir.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, bu açıqlamasında Solovyov Dərbəndin Azərabycana aid olmadığına dair bir ifadə səsləndirməyib:
"Əgər Dərbənd Böyük Azərbaycanın bir parçası olmasaydı, Solovyov bunu istehza ilə qarşılar, bu isə bizə ən güclü cavab olardı. Ancaq Solovyov bunu edə bilmir. Ukrayna şəhərlərinin "qədim rus" şəhərləri olmasını sübut etmək üçün tarixə ekskursiya etməyi sevən Solovyov Dərbəndlə bağlı eyni şeyi etmir. Azərbaycanın dəyərli tarixçiləri dəfələrlə Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu sübut edən fundamental elmi əsərlər yazıblar. Ancaq onların heç birinə Rusiyanın təbliğat maşını reaksiya verməyib.
Solovyovun isterikasında diqqət çəkən ikinci məqam İranla birgə "xüsusi hərbi əməliyyat"dan bəhs etməsidir. Solovyovun isterikası Rusiyanın gücsüzlüyü ilə yanaşı, Dərbənd davasının güneyli-quzeyli Azərbaycanın haqq davasına çevrilməsinin nəticəsidir. Solovyovu bilgi və məlumatlarla təmin edən Rusiya kəşfiyyatı Güney Azərbaycanın Dərbənd davasına sahiblənməsindən heç şübhəsiz ki, məlumatlıdır. Güney Azərbaycanın milli kimlik davasının əsas şüarı olan "Təbriz, Bakı, Ankara - biz hara farslar hara"nın ifadəsinin "Təbriz, Bakı, Dərbənd - biz hara farslar hara"ya çevrilməsi bizləri sevindirdiyi kimi, rusların kabusuna çevrilib.
Ruslar çox yaşı bilirlər ki, Quzey Azərbaycanın təkbaşına Dərbəndi Rusiya işğalından qurtarmaq gücü yoxdur. Ancaq 50 milyonluq Azərbaycan xalqı Dərbənd uğrunda mübarizəyə qalxarsa, Rusiya Dərbəndi əsarətdə saxlaya bilməz. Rusiyanın hətta Azərbaycanla müharibədən də çəkinəcəyinə əminəm. Moskvada gözəl bilirlər ki, Ukraynanın müqaviməti nə qədər rəşadətli olsa da, Rusiyaya qarşı xalqların müharibəsini doğurmur və doğura da bilməz. Ancaq 50 milyonluq Azərbaycanın Rusiya ilə mübarizəsi Moskvaya qarşı xalqların müharibəsini alovlandıra bilər.
Solovyovun təmsilçisi olduğu Rusiya müstəmləkəçiliyi yalnız fars şovinizmi ilə birlikdə hərəkət etdikdə Azərbaycana qalib gələ bilir. İndi də Solovyov Moskvanı farslarla birlikdə hərəkət etməyə çağırır. Ancaq unudur ki, Azərbaycan da indi təkbaşına deyil. Əsasları atılmaqda olan "Xəzər asayişi" Alyansı tam formalaşmamış halında belə rus-fars cütlüyünü Qafqazda məğlub etmək gücündədir. Çox yaxın gələcək bunu sübut edəcək!
Bizim üzərimizə düşən vəzifə isə Rusiyanın kabusuna çevrilən "Dərbənd İttifaqı"nın təşkilatlanmasını sürətləndirməkdir!"