Minsk Qrupu bağlandı: Qarabağ məsələsi beynəlxalq gündəmdən çıxarıldı – ÖZƏL
2 Sentyabr 2025 16:46 Siyasət"Minsk Qrupunun bağlanması o deməkdir ki, artıq Qarabağ məsələsi beynəlxalq platformaların gündəm mövzusu deyil. Yəni Qarabağ məsələsi beynəlxalq müstəvidə müzakirə oluna bilməz, bu məsələ bitib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vaqif Hüseyn deyib. Siyasi şərhçi bildirib ki, bu, Azərbaycanın torpaqları üzərində hansısa ölkələrin hökm vermək, fikir bildirmək imkanını da tamamilə aradan qaldırır:
"Minsk Qrupu əvvəllər Azərbaycanın həm daxili, həm də xarici siyasətinə müdaxilə üçün ciddi bir platforma hesab olunurdu. Lakin Vaşinqton Anlaşmasının imzalanması, yəni Minsk Qrupunun əsas həmsədrlərindən biri olan ABŞ-nin bu platformadan geri çəkilməsi ilə, artıq bu qurumun heç bir əhəmiyyəti qalmadı. Üstəlik, Azərbaycan Fransanın və Rusiyanın obyektivliyinə şübhə edərək onların moderatorluğundan imtina etdi.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın mövqeyinə görə münaqişənin əsas iki tərəfi var: Azərbaycan və Ermənistan. Azərbaycan bu çərçivədə Ermənistanla razılaşıb. Ortada sadəcə Minsk Qrupundan qalan bir vasitəçi var idi - bu da ABŞ idi. Onun vasitəçiliyi ilə də sülh anlaşmasının ilkin imzalanmasına doğru ilk addımlar atıldı. Buna görə də Minsk Qrupunun saxlanmasının heç bir mənası qalmadı, indi tərəflər arasında sülh prosesi daha sürətli şəkildə gedir. Çünki prosesə tam nəzarət olmasa da, ümumi moderatorluq ABŞ tərəfindən həyata keçirilir. ABŞ isə hələ də dünyada qlobal güc hesab olunur. Tərəflər açıq şəkildə bəyan ediblər ki, bu sülh anlaşmasının imzalanması istiqamətində iradə mövcuddur və bu prosesə hər hansı xarici müdaxiləyə yol verilməyəcək. Bu baxımdan, Minsk Qrupunun fəaliyyətinin dayanması olduqca önəmli bir hadisədir.
Sevda Dəniz