Azərbaycan diplomatiyasının növbəti uğuru – Minsk qrupu tarixə qovuşdu - ÖZƏL
2 Sentyabr 2025 16:41 Siyasət"ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı əldə olunan qərar Azərbaycanın milli maraqlarını və qətiyyətini əks etdirir. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilə bilər. Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini təcəssüm etdirir. Çünki Ermənistan və Azərbaycan arasında sülh gündəliyində Azərbaycanın iki mühüm tələbi mövcud idi və onlardan biri Minsk qrupu və ona bağlı bütün institutların ləğvi idi".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Digəri isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına son qoymaq tələbi idi. Hazırda bu iki mühüm tələbdən biri həll olunmuş sayılır. Çünki ATƏT Nazirlər Şurası Minsk prosesi və onunla bağlı strukturların fəaliyyətinə xitam verib və bununla bağlı ATƏT-in Katibi və ATƏT Nazirlər Şurası bəyanatla çıxış edib. Əlamətdar hadisədir ki, bütün ATƏT dövlətləri yekdilliklə bu məsələyə müsbət yanaşıblar. Ehtimal olunurdu ki, Rusiya və Fransa bu irəli sürülən təşəbbüsə qarşı çıxa bilərlər. Çünki Minsk qrupunun həmsədr dövlətləri həm də Fransa və Rusiya idi. Bu və digər formada onlar hazırkı gedişatdan narazı qala bilərdilər. Rusiyanın ATƏT-dəki nümayəndəsi bildirdi ki, biz Minsk qrupunun ləğvi ilə bağlı qaldırılan məsələyə müsbət yanaşacağıq. Fransa ilə bağlı tərəddüdlər hələ də qalmaqda idi. ABŞ-la bağlı isə heç bir tərəddüd əvvəldən yox idi. Çünki Vaşinqtonda Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalarda Minsk qrupunun buraxılmasına dair tövsiyə irəli sürülmüşdü. Və güman edilirdi ki, ABŞ burada əsas siyasi təminatçı kimi çıxış edəcəkdir.
Beləliklə, Minsk qrupunun ləğvi, eləcə də müraciətin yayılması, ATƏT çərçivəsində qəbul olunmuş əvvəlki qərarların etibarsız elan edilməsi Azərbaycanın böyük uğurunu ifadə edir. Azərbaycan artıq qələbələrini siyasi müstəvidə sıralayır və bir-birindən mühüm tarixi nailiyyətlər əldə olunur. Bu böyük qələbə münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm".
Zeynəb Mustafazadə