Gündəmi silkələyəcək iddia: azərbaycanlılar bura köçürülə bilər – Sensasion

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. İddiaya görə, tərəflər görüşdə 3 milyon uyğur türkünün Türkiyəyə köçürülməsini müzakirə ediblər. Həmin şəxslərin əkinçilik və xidmət sektoruna yönəldiləcəyi bildirilib.

Əvvəlcə qeyd edim ki, görüşdə bu mövzunun müzakirə edildiyi rəsmi olaraq açıqlanmayıb. Yəni hələlik bu, sadəcə iddiadır, amma əsassız da deyil. Ümumiyyətlə, uyğur problemi Ərdoğanın həm şəxsi karyerasında, həm də Türkiyə xarici siyasətində, Çinlə münasibətlərdə mühüm yer tutur. 2000-ci illərin əvvəllərində, xüsusilə AKP iqtidarının ilk dövrlərində, Ərdoğan və Türkiyə hakimiyyəti uyğur türklərinin hüquqlarını açıq şəkildə müdafiə edirdi. 2009-cu ildə isə Ərdoğan Çin hökumətinin uyğurlara qarşı fəaliyyətlərini "demək olar ki, soyqırım" kimi qiymətləndirmişdi. Bu, Türkiyə liderindən gələn çox sərt və nadir tənqidlərdən biri idi və ideoloji-mədəni baxımdan türk-islam həmrəyliyi xətti üzərində qurulmuşdu.

Lakin zaman keçdikcə, xüsusilə də Türkiyənin Qərb blokundan qismən uzaqlaşması və Çinlə iqtisadi əlaqələrin dərinləşməsi bu ritorikada ciddi dəyişikliklərə səbəb oldu. Türkiyə "Bir Kəmər, Bir Yol" təşəbbüsündə önəmli mövqe tutmağa başladı və Çin investisiyalarına ehtiyac duyuldu. Bu kontekstdə uyğur məsələsində Ankaranın ritorikası tələbkarlıqdan daha sakit və diplomatik mövqeyə keçdi.

Görünür, Ankara uyğurlarla bağlı siyasətini dəyişib, amma geri dönməyib. Çünki Çinlə münasibətlərdən başqa, Türkiyə üçün də yeni problemlər yaranıb. Türkiyə ciddi bir demoqrafik dəyişiklik dövrünə girib. Xüsusilə şərq və cənub-şərq bölgələrində kürd əhalisi sürətlə artır. Üstəlik, əvvəlki illərlə müqayisədə Türkiyədəki kürdlərin milli kimliyi daha oyaq, siyasi fəallığı isə daha yüksəkdir. Bu, Ankara üçün tarazlığı poza biləcək potensial təhlükə kimi görünür. Bu narahatlıq təkcə AKP iqtidarının yox, daha geniş siyasi və bürokratik dairələrin də diqqətindədir.

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31