Azərbaycanın çevik diplomatiyası və Çinlə strateji əməkdaşlıq - ÖZƏL
2 Sentyabr 16:09 Siyasət"Qlobal güc rəqabətinin artdığı dövründə Azərbaycanın dəqiq strateji mövqeyi və çevik diplomatik manevrləri böyük faydalar gətirməklə yanaşı, ölkəmizin nüfuzunu da artırır. Prezident İlham Əliyevin son Çin səfəri də bu baxımdan ölkəmiz üçün mühüm geostrateji və iqtisadi dividendlərlə zəngin idi".
Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu il Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi ölkələrimiz arasında yeni inkişaf səhifəsi açdı. Bu da Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlığının dərinləşdiyinin əyani sübutudur. Hərtərəfli strateji tərəfdaşlıq, eyni zamanda, Azərbaycanla Çin arasında qarşılıqlı etimadın yüksək olduğunu göstərir və münasibətlərin daha da irəli aparılmasına stimul verir. Münasibətlərimizin bu səviyyəyə çatmasına təkan verən əsas məsələlərdən biri də Azərbaycanın və Çinin qarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi və qətiyyətlə dəstəkləməsidir. Əlaqələrimizin cari vəziyyəti onu göstərir ki, ölkələrimiz arasında bütün səviyyələrdə fəal dialoq aparılır. Bu da ikitərəfli dostluq əlaqələrinin inkişafına təkan verir. Münasibətlərin irəlilədilməsi isə Azərbaycan ilə Çinin diplomatik prioritetləri sırasındadır.
Zəngəzur dəhlizi Şərqlə Qərb arasında qlobal kommunikasiya qovşağı olmaqla yanaşı, fəaliyyətə başlamasının regional faydalarından Azərbaycan və Ermənistandan əlavə, Türkiyə, İran və Rusiya dövlətləri də istifadə edə biləcək. Strateji əhəmiyyəti çox böyük olan Zəngəzur dəhlizi uzunmüddətli perspektivdə Çini Avropa ilə birləşdirən ən optimal variantdır. Bu səbəbdən də daşıma vaxtlarını azaldan bu hissəyə nəzarət ABŞ-ın Çinlə strateji qarşıdurmasını gücləndirir. Hazırda Zəngəzur dəhlizi ilə bağlı birbaşa ABŞ-Çin münaqişəsi müşahidə edilməsə də, lakin Vaşinqtonun maraqları Pekinin regionda təsir və iqtisadi inteqrasiya planı ilə potensial rəqabət yaradır. Üzdə Rusiya və İran dəhlizin açılmasını alqışlasalar da, ABŞ-ın infrastruktur idarəçiliyindəki rolu onlarda narahatlıq doğurur. Lakin görünən odur ki, İran da yeni ssenarini narahatlıqla izləyir. İranın maraqları və yanaşması infrastrukturun idarə olunmasında Cənubi Qafqaza Ermənistan vasitəsilə dəvət olunan Amerikanın iştirakı ilə toqquşur. Rusiya üçün isə Vaşinqtondakı razılaşmalar onun Cənubi Qafqazda nüfuzunun daha da itirilməsi hesab olunur, həmçinin ABŞ-ı regionda yeni oyunçuya çevirir".
Zeynəb Mustafazadə