Leyenin təyyarəsinə GPS hücumu – Rusiyadan Avropaya mesaj? – ÖZƏL
15:22 SiyasətAvropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin təyyarəsi Bolqarıstan üzərində uçarkən GPS siqnallarının pozulması səbəbindən naviqasiyasını itirib və Plovdivə fövqəladə eniş edib. Ekspertlərin fikrincə, bu, Rusiyanın "GPS jamming" texnologiyası ilə həyata keçirilmiş kiber hücumdur və onlar hadisəni siyasi xəbərdarlıq hesab edirlər.
"Həmin ərazi müharibəyə yaxın bölgədir. Yəni, Rusiya-Ukrayna müharibəsinin getdiyi yerə yaxın ərazidir və belə müdaxilələrin olması ehtimalı normaldır, hətta təbii də qarşılanır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi qeyd edib ki, amma Avropa İttifaqı kimi nüfuzlu bir qurumun rəhbərliyinə qarşı bu cür addımların atılması bir mesaj xarakteri daşıya bilər. Yəni, belə başa düşülə bilər ki, yalnız sizin əlində yüksək texnologiyalar yoxdur, bizim də imkanlarımız var və biz də müdaxilə edə bilərik.
Siyasi şərhçinin sözlərinə görə, bunun qarşısını almaq yalnız daha üstün texnologiyalarla cavab verməklə mümkündür. Amma indiki halda sual yaranır: Avropa İttifaqının əlində belə bir texnologiya varmı və onu hansı formada tətbiq edə bilərlər? Çünki əgər bu imkanlar mövcud olsaydı, ümumiyyətlə belə müdaxilə baş verməzdi. Deməli, hələ ki, texnoloji üstünlük yoxdur.
"Eyni zamanda, ola bilər ki, bunu bilərəkdən edirlər - Rusiyaya qarşı yeni ictimai rəy formalaşdırmaq və bu yolla müəyyən üstünlük əldə etməyə çalışırlar", - deyə siyasi şərhçi əlavə edib.
Sevda Dəniz