Rusiyanın GPS təxribatı: Azərbaycanda başlayan, Ursula fon der Lyayenə uzanan təhlükə
15:06 SiyasətAvropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni daşıyan təyyarənin GPS sisteminə müdaxilə olunması dünya mətbuatının əsas müzakirə mövzularından biridir. Müdaxilədə Rusiya izi olması, radio-elektron mübarizə sistemlərindən istifadə edilməsi iddia olunur. Avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb. Pilot bu səbəbdən kağız xəritəyə əsaslanmaqla hava limanına eniş edə bilib. Həmin vaxt Ursula fon der Lyayen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş. Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib. Von der Leyen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.
Azərbaycan hərbi və mülki sərnişin təyyarələri də belə əməllərindən dəfələrlə ziyan çəkib.
2019-cu ilin iyulunda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində təlim zamanı qəfil radarlardan itmişdi. Sonradan təyyarənin naviqasiya sisteminə müdaxilə edilməsinə dair məlumatlar yayılmışdı. O zaman hərbi ekspert Üzeyir Cəfərov hərbi təyyarənin dənizə düşməsinin təsadüf olmadığını demişdi. Bildirmişdi ki, Azərbaycan tərəfi təlimlər keçirdiyi vaxtda Rusiyanın da Xəzər dənizində hərbi təlimləri baş tutub:
"Təlimlər radio-elektron qurğularlarla bağlı olub. Məlumata görə, Azərbaycan təyyarəsini Rusiya vurub. Necə olur ki, 3 MiQ-29 təyyarəsi eyni anda bir-birlərinə yaxın formada uçuşur, onların ikisi ilə bağlı heç bir problem olmur, amma biri gözlənilmədən sıradan çıxır? Təyyarəmizi Rusiya radio-ekeltron cihazlarla sıradan çıxardıb, Xəzər dənizinə salıb. Təcili Rusiyaya sorğu göndərilməli və cavab tələb edilməlidir".
Sonradan yayılan rəsmi məlumatlara görə 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin "qara qutu"su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb. Ertəsi gün Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib. Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkəni idi.
Daha bir oxşar hadisə 2023-cü ildə, o zaman işğal altında olan, Rusiya kontingentinin yerləşdiyi Qarabağ ərazisində qeydə alınmışdı.
Həmin hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilirdi:
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib. Sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının Embraer-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranmışdır.
2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Qroznıya istiqamətlənib. Səhər tezdən J2-8243 reysi üzrə uçan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarəni 15.000-dən çox uçuş saatı olan 62 yaşlı təcrübəli kapitan İqor Kşnyakin idarə edib. 29 yaşlı Aleksandr Kalyaninov ikinci pilot olub. Uçuşun ilk mərhələsi hadisəsiz keçib, Rusiya hava nəqliyyat idarəçiləri ilə aydın və adi qaydada radio əlaqəsi saxlanıb. Lakin təyyarə Qroznıya yaxınlaşarkən, kokpitdə (uçuş aləti displeyləri) qəribə bir sükut yaranıb - hər iki GPS sistemi qəfil sönüb. Qroznı nəzarət qülləsi eniş üçün vektorlar təqdim etsə də, kokpitdə təkrarlanan yer yaxınlığı xəbərdarlıqları səslənib. Avtomatik sistem "yuxarı qalx, yuxarı qalx" siqnalı verib. Pilotlar bu vəziyyətdə 2 dəfə enməyə cəhd edib və hər 2 cəhd uğursuz olub. Bundan sonra təyyarəyə kiçik radiuslu "Pantsir-S1 zenit-raketi ilə zərbə endirilib. Atəş nəticəsində təyyarə qəzalı, idarəolunmaz duruma salınıb. Pilot çətin şərtlər altında olsa da, təyyarəni Xəzər üzərindən keçirib Aktau hava limanına endirmək qərarı verib. Qəza enişi zamanı göyərtədə olan 38 nəfərdən 29 nəfər sağ qalıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rusiyanın Ursula fon der Lyayenin təyyarəsini hədəfə almasını "Digər dövlət başçıları üçün risklər varmı" sualı ilə münasibət bildirməklə fikirlərini açıqlayıb:
"Avropalı ekspertlər naviqasiya üçün zəruri olan GPS siqnalını pozmaq üçün GPS jammingdən istifadə edildiyini bildirirlər. Bu, peyk siqnallarını pozmaq və ya deaktiv etmək texnologiyasıdır. Əvvəllər hərbi məqsədlə istifadə olunurdusa, indi Rusiya tərəfindən mülki aviasiyaya qarşı da tətbiq olunduğu bildirilir. Bunun nəticəsində təyyarələr, gəmilər və hətta adi vətəndaşların naviqasiya sistemləri belə "kor" vəziyyətə salına bilər.
Avropa rəsmiləri bunu Rusiyanın qəsdən müdaxiləsi kimi qiymətləndiriblər. Bu, artıq adi texniki nasazlıq deyil, kiber müharibənin açıq-aşkar nümunəsidir.
Xatırladıram ki, Ursula fon der Lyayen Ukraynaya dəstək və Aİ-nin müdafiə hazırlıqları ilə bağlı son zamanlar ön cəbhə ölkələrinə səfər edirdi. Yəni bu, sırf siyasi mesaj xarakterli hücum kimi görünür".
Osman Gündüz ehtimal edir ki, Avropa İttifaqı GPS təhlükəsizliyini gücləndirmək, alternativ naviqasiya sistemlərini inkişaf etdirmək və Rusiyaya qarşı sərt cavab vermək üçün addımları gücləndirəcək:
"Digər dövlət başçıları üçün risk varmı? Bəli, birmənalı! GPS pozuntuları son illər Baltik dənizi və Şərqi Avropada artıb. Hər bir dövlət başçısının, eləcə də kommersiya reyslərinin belə hücuma məruz qalması mümkündür".
Osman Gündüz ötən ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulduğu xatırlatmaqla ölkə başçısının təyyarəsinin havada olduğunu qeyd edir:
- Bu fakt və baş verənlər göstərir ki, dövlət başçılarının, dünya liderlərinin təhlükəsizliyi üçün risklər hədsiz çoxalıb. Müasir dövrdə bu risklərin miqyası daha da genişlənib - artıq yalnız raket və ya fiziki hücum deyil, peyk sistemlərinin, GPS siqnallarının pozulması kimi görünməz kiber hücumlar da dünya prezidentləri, eləcə də digər yüksək vəzifəli şəxslərin həyatı üçün ciddi təhlükə yaradır. Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız da baş verənlərin, artan risklərin fərqindədir.
Hərbi ekspert Rövşən Məhərrəmli Musavat.com-a deyib ki, GPS təxribatları müasir hərbi və kiber təhlükənin açıq nümunəsidir:
"Son illərdə baş verən GPS təxribatları yalnız mülki aviasiya üçün deyil, həm də dövlətlərin hərbi qüvvələri üçün ciddi təhlükə mənbəyidir. GPS sistemlərinin sıradan çıxarılması pilotlar üçün həyati təhlükə yaradır və təyyarənin idarə olunmasını çətinləşdirir. Bu, artıq adi texniki nasazlıq deyil, radio-elektron mübarizə vasitələrinin müasir formasıdır. Belə müdaxilələr həm hərbi, həm də mülki təyyarələrdə uçuşların təhlükəsizliyini birbaşa təhdid edir".
Hərbi ekspert deyib ki, bu hadisələr geopolitik mesaj daşıyır:
"Ursula fon der Lyayenin təyyarəsinə edilən müdaxilə təkcə avropalı diplomatın həyatı üçün həımin statusda olan hər kəsin təhlükəsizliyi üçün xəbərdarlıqdır. Müasir dövrdə liderlər yalnız fiziki təhlükə ilə deyil, həm də kiber və peyk sistemlərinin pozulması kimi "gizli" hücumlarla qarşı-qarşıyadırlar. Belə təxribatların məqsədi yalnız təyyarəni sıradan çıxarmaq deyil. Bu, həm də siyasi mesajdır. Rusiya kimi dövlətlər müasir kiber və radio-elektron müharibə imkanlarını həm hərbi, həm də siyasi təzyiq vasitəsi kimi istifadə edə bilirlər. Avropa İttifaqı və digər beynəlxalq qurumlar GPS təhlükəsizliyini gücləndirməli və alternativ naviqasiya sistemlərini inkişaf etdirməlidirlər".
Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın və digər ölkələrin təcrübəsi göstərir ki, bu cür müdaxilələr real təhlükədir və gələcəkdə də davam edə bilər.