Növbəti sərsəm iddia: Qarabağ məsələsi həll olunmayıb, məsələ bağlanmayıb - ÖZƏL
2 Sentyabr 2025 11:52 Siyasət2 sentyabr 2025-ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın (Arsax) elan edilməsinin 34 ili tamam olur. Bu münasibətlə özünü "Arsax Milli Məclisi" adlandıran qurum bəyanat yayıb. Olaylar.az xəbər verir ki, bəyanatda iddia olunur ki, "2 sentyabr 1991-ci ildə elan olunan dövlətçilik qərarı tarixə və hüquqa əsaslanıb, Arsax xalqı isə 30 il ərzində ikinci erməni respublikasını inkişaf etdirib". Qondarma qurum həmçinin bildirir ki, "2020-ci il müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Arsax xalqı soyqırıma məruz qalıb və öz torpaqlarından didərgin düşüb". Qeyd olunur ki, hazırda "Arsax dövlət qurumları mühacirətdə fəaliyyət göstərir" və beynəlxalq ictimaiyyətə çağırış edilir ki, "ermənilərin geri qayıdışı və təhlükəsiz həyat hüququ təmin olunsun".
"Milli Məclis"in bəyanatında həmçinin ATƏT-in Minsk Qrupu prosesinə istinad edilərək, onun ləğv olunmasının yolverilməz olduğu iddia olunur. Bəyanatda xüsusi olaraq vurğulanır:
"Qarabağ problemi həll olunmayıb, Qarabağ məsələsi bağlanmayıb. Çünki həyata keçirilən hərbi əməliyyatların nəticələrinin qanuniləşdirilməsi beynəlxalq hüquq və ədalət baxımından son nəticə kimi qəbul edilə bilməz". Bəyanatın sonunda iddia edilir ki, "arsaxlı öz torpaqlarının, tarixinin və mədəni irsinin sahibidir".