Azərbaycan Avrasiya məkanında xüsusi çəkisi olan ölkədir- ÖZƏL
2 Sentyabr 2025 11:35 Siyasət"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin ŞƏT-in Çində keçirilən növbəti sammitinə dəvət olunması isə dövlətimizin və onun liderinin dünyada böyük nüfuza sahib olmasının göstəricisidir". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb: "Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 2024-cü il 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezidentimizin ŞƏT-in budəfəki sammitində iştirakı isə Çin Xalq Respublikasının lideri Si Cinpinin dəvəti əsasında baş tutub. Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək "ŞƏT plyus" formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına bu ilin aprelində baş tutmuş dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb".