Azərbaycanın Füzulidən başlayan qələbəsi Helsinki və Vyanada təsdiqini tapdı- ÖZƏL
2 Sentyabr 11:32 Siyasət"1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət əsasında, 1 sentyabr tarixindən etibarən ATƏT-in Minsk Prosesi, ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Fəaliyyətdə olan Sədrin Şəxsi Nümayəndəsinin, həmçinin Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyəti rəsmən dayandırıldı.
Qərara əsasən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul olunmuş bütün qərarlar qüvvədən düşmüş elan edilib. Beləliklə, 1988-ci ildən "Ermənistan-Azərbaycan münaqişəsi" və ya "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adı ilə tanınan münaqişə de-yure olaraq başa çatmışdır. Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik strategiyası çərçivəsində - BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə - 44 günlük Vətən müharibəsi nəticəsində, işğal edilmiş torpaqlarımızın Füzulidən başlanaraq azad edilməsi prosesi bu gün Helsinki və Vyana şəhərlərində beynəlxalq müstəvidə hüquqi təsdiqini tapdı".