İranın dəhliz mövqeyi ölkə daxilində qütbləşməni artırır - ÖZƏL

"Pezeşkian hökuməti və ümumiyyətlə islahatçı qanad dəhliz məsələsində bu qədər israrlı və radikal mövqenin İran üçün fayda verməyəcəyini dərk edir. Əslində, ictimaiyyəti də, adi rəhbəri də, eyni zamanda İran parlamentini bu məsələdə razı salmağa  çalışırlar. Amma ali rəhbər, xüsusilə də SEPAH və digər institutlar bu məsələdə radikal mövqeləri ilə seçilirlər və bu da İran daxilində qütbləşmədən xəbər verir". 
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib: 
"Əlbəttə ki, İranın əsas mövqeyi ali rəhbər səviyyəsində müəyyən olunur. Hərçənd Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında qeyd edib ki, biz bu məsələdə İran prezidenti ilə ortaq mövqedəyik, daha doğrusu onların fikirlərini daha önəmli sayırıq. Amma İranda təbii ki, sistem bir qədər fərqlidir və ali rəhbər və mövcud teokratik rejimin varlığı İranın xarici siyasətində ciddi maneələr yaradır. Bu rejimin gələcəyi təhlükəsizlik baxımından da sual altındadır, çünki İranda hazırda radikal fikirlər səsləndirilir, hətta hərbə çağırışlar edilir. Amma praktik olaraq İranın ABŞ-ə qarşı nə isə etməsi inandırıcı görünmür. Yəni ola bilər ki, çox şey deyirlər, amma hərbi əməliyyatlar həyata keçirilmir. Ermənistanın ərazi bütövlüyü müzakirə olunur, çünki dəhliz məsələsinə razılıq verən tərəf hüquqi olaraq ora sahib olan Ermənistan tərəfidir. Yəni, Ermənistan bunu istəyirsə, praktik olaraq  hansı mövqeyi sərgiləyəcəklər? Problem də buradadır. O baxımdan hesab edirəm ki, bu məsələdə İran tərəfi bir müddət hələ bu çağırışlarını davam etdirəcək, amma dəhlizin istifadəsi qaçılmaz olacaq, yəni dəhliz açılacaqdır. Amma belə bir məsələ var: əgər İran sona qədər bu mövqeyini davam etdirsə, sabah həqiqətən də təcrid edilə bilər, yəni dəhlizin istifadəsinə razılıq verilməyə bilər. Amma prosesə daha konsultiv yanaşsaq, mümkündür ki, bu zaman artıq İran özü də proseslərdə iştirak etsin". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31