ŞƏT-in gələcəyi qeyri-müəyyən qalır: Azərbaycanın əsas tərəfdaşı Çin ola bilər – ÖZƏL
1 Sentyabr 16:17 Siyasət"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilk olaraq Asiya dövlətlərinin iştirakı ilə, əsasən təhlükəsizlik qurumu kimi yaradılmışdı. Lakin zaman keçdikcə təşkilata yeni üzvlər qəbul edildi və onun fəaliyyəti tədricən iqtisadi əməkdaşlıq istiqamətinə də yönəlməyə başladı. Buna baxmayaraq, təşkilatın dəqiq siması və hansı yolu seçəcəyi hələ tam müəyyənləşməyib - ŞƏT təhlükəsizlik qurumu kimi fəaliyyətini davam etdirəcək, yoxsa iqtisadi əməkdaşlıq təşkilatına çevriləcək, bu, hələ açıq sual olaraq qalır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, təşkilatın üzvləri sırasında Asiyanın iqtisadi baxımdan ən güclü dövlətləri yer alır. Buna baxmayaraq, ŞƏT-in gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi barədə tam aydınlıq yoxdur. Azərbaycan isə təşkilata üzv olan bütün dövlətlərlə həm iqtisadi, həm də siyasi baxımdan münasibətlər saxlayır. Bununla yanaşı, ölkəmiz yeni tərəfdaşlıqlar qurmaq, müqavilələr imzalamaq və əməkdaşlıq sahələrini genişləndirməklə yeni imkanlar əldə edə bilər. Burada ən önəmli istiqamətlərdən biri, şübhəsiz ki, Çinlə əməkdaşlıqdır. Hazırda Çinlə iqtisadi münasibətlərin və ticarətin gücləndirilməsi məsələsi ön plandadır. Bu baxımdan Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət daşıyır. Çünki dəhliz vasitəsilə Çinlə Avropa arasında logistika imkanlarının genişlənməsi və nəqliyyat əlaqələrinin rahat şəkildə qurulması nəzərdə tutulur. Lakin hələlik dəhlizin tam şəkildə reallaşmaması səbəbindən Azərbaycanın Çinlə hansı yol xəritəsini seçəcəyi, əməkdaşlığın hansı dəhlizlər üzərindən aparılacağı dəqiq məlum deyil. Bu istiqamətdə müzakirələr davam edir və Prezident tərəfindən də bir sıra müqavilələr, o cümlədən logistika və tikinti sahəsində razılaşmalar imzalanıb.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Çinlə iqtisadi əməkdaşlığı İpək Yolu üzərindən də davam edir. Ancaq gələcəkdə hansı dəhlizlərin prioritet olacağı hələlik tam bəlli deyil. Çin Azərbaycana böyük investisiyalar yatırıb və bu da Çinin maraqlarını artırır. Çin üçün Azərbaycan təhlükəsiz və sabit ölkə olaraq qalmalıdır ki, yatırımlar gəlir gətirsin. Buna görə də Çin regionda sabitliyin qorunmasında maraqlıdır və müharibələrin baş verməməsini istəyir.
"Regionun digər böyük dövlətləri - Türkiyə, Hindistan və Pakistan da bu prosesdə mühüm rol oynayır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr üçün də əsas məqsəd Çindən investisiya cəlb etməklə həm ölkə daxilində, həm də regionda mühüm nailiyyətlər əldə etməkdir", - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz