Azərbaycan qlobal əhəmiyyət daşıyan enerji layihələrini reallaşdırır- ÖZƏL
1 Sentyabr 16:16 Siyasət"Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan regional və qlobal əhəmiyyət daşıyan mühüm enerji layihələrini reallaşdırmağa nail oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Şaxələndirilmiş uğurlu enerji siyasəti ölkəmizə böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası Ümummilli lider Heydər Əliyevin böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ilə qoyuldu. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu gün Onun müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Hazırda Azərbaycan yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır".