Ağ evin qızıl açarı hər dövlət rəhbərinə hədiyyə edilmir- ÖZƏL

"Son vaxtlar cənab Prezidentimiz İlham Əliyevlə bağlı millətimiz üçün qürurverici olan üç məsələ dərin təhlil tələb edir. Birincisi, ABŞ Prezidenti Donald Trampın Ağ evin qızıl açarını bağışlamasıdır. İkincisi, fotoşəkillərinin üstünə "İlham, Siz böyük lidersiniz!" yazmaqla hədiyyə etməsidir. İlk iki məsələ ilə bağlı tarixə nəzər yetirmək istəyirəm. Məşhur ispan səyyahı Xristofer Kolumb 1492-ci ildə kəşf etdiyi Amerika qitəsini sahilə çıxdıqda "yeni dünya" adlandırmışdı. "Yeni dünya"nın lideri nədən Ağ evin qızıl açarını hədiyyə etdi və fotoşəkilin üstünə belə sözləri yazdı? Üçüncüsü, Çin Xalq Respublikasının Sədri Si Cinpin  Tiencin şəhərində cənab Prezidentimizi qarşılayarkən "mənim əziz dostum" deyərək salamlamasıdır. Yenə də tarixə diqqəti cəlb etmək istəyirəm. Bir zamanlar Fransa imperatoru I Napoleon Çini "Asiyanın yatmış aslanı" adlandıraraq deyirdi ki, bu aslan oyandıqda dünyada hər şey dəyişəcəkdir.  Asiyanın oyanmış aslanının rəhbəri niyə belə müraciət etdi?  Bunlar sadəcə protokol qaydası idimi? Xeyr!" Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Məlumdur ki, Ağ evin qızıl açarı hər bir dövlət rəhbərinə hədiyyə edilmir və hər bir dövlət başçısına da böyük lider deyilmir. Rəsmi protokol qaydalarını aşan bu üç məsələnin dərin mənası vardır. Evin açarı ancaq güvənilən, etibar edilən şəxsə verilir. Belə şəxslərin sayı bir əlin barmaqlarının sayından da az olar. Yeni dünyanı idarə edən D. Trampın Ağ evin açarını təqdim etməsi o deməkdir ki, Prezident İlham Əliyev etibar edilən, güvənilən dövlət rəhbəri olduğundan bundan sonra bərabər hərəkət ediləcək, yeni dünya düzənində, beynəlxalq işlərdə Azərbaycanın rolu artacaq, yeri möhkəmlənəcəkdir. Böyük işləri isə böyük liderlərlə görərlər. 
     Çin Sədrinin də müraciəti mənalıdır. Ancaq etibar edilən, güvənilən, dürüst, səmimi olan şəxsə əziz dostum deyərək kürəyini söykəyərlər. 
      Deməli, aralarında kəskin rəqabətin, amansız ticarət müharibəsinin getdiyi bu iki nəhəngin - "yeni dünya"nın rəhbərinin  ölkə başçımıza Ağ evin qızıl açarını bağışlaması, böyük lider adlandırması, "Asiyanın oyanmış aslan"ın rəhbərinin isə əziz dostum deyərək müraciət etməsi bir sıra amillərlə bağlıdır. Dövlət başçımız tariximizdə ilk dəfə göstərdi ki, dövlətin böyüklüyü, dünya siyasətində tutduğu yer, təsir gücü ərazisinin böyüklüyü və ya kiçikliyi, əhalisinin sayının çoxluğu və ya azlığı ilə deyil, qarşılıqlı faydalı əməkdaşlıq etməsi, birləşdirici güc rolunu oynaması, beynəlxalq hüquq normalarına ciddi riayət etməsi, haqq-ədaləti qoruması, etibarlılığı, dürüstlüyü, sözü və işinin bir olması  və s. ölçülür. Bunlara isə ölkə rəhbərimizin dünya işlərini mükəmməl bilməsi, üstün zəkası, iş üslubu, bacarığı, tükənməz enerjisi və yüksək mədəniyyəti ilə nail olunub. Azərbaycan milləti və dövləti əlində Qızıl açar tutan, Əziz dost olan Böyük liderlə milli ideyalarını gerçəkləşdirəcəkdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31