Paris görüşü: Real diplomatiyadır, yoxsa informasiya oyunu? - ÖZƏL
1 Sentyabr 2025 15:21 SiyasətDiplomatik mənbələr bildirir ki, Tramp, Putin və Zelenski 4 sentyabrda Parisdə görüşəcək. Toplantıda Makron, Merz, Starmer, Rutte və Ursula fon der Leyen də iştirak edəcək. Rəsmi açıqlama hələ yoxdur.
Paris görüşü Moskva-Kiyev müharibəsinin gedişatına real təsir göstərə bilərmi, yoxsa bu, sadəcə diplomatik görüntüdən ibarətdir?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Putinin Fransada bu formatda bir toplantıya qatılmağı inandırıcı görünmür. Ola bilsin ki, indi nəbz yoxlamaq üçün müxtəlif ölkələrdə media qurumları, mətbuat nümayəndələri- jurnalistlər, blogerlər belə məlumatları dövrəyə buraxsınlar. Amma bu, yenə də bir az real görünmür. Çünki Putinin hazırki situasiyada gedə biləcəyi ölkələrin siyahısı o qədər azalıb ki, demək olar ki, çox nadir hallarda onun xarici səfər etdiyini görürük. Bunu təhlükəsizliklə və ya başqa səbəblərlə əlaqələndirənlər var. Amma əsas məqam budur ki, Putin çox nadir hallarda səfərlər edir. Hələ Fransaya getmək özü bir başqa sual doğuran məsələdir. Orada qeyd olunan heyətlə görüş keçirmək faktik olaraq çətin görünür, çünki bu adamların hamısı Putinə qarşı olan şəxslərdir və orada birləşərək ona diskomfort şərait yarada bilərlər. Məhz buna görə, o, təcrübəli bir dövlət başçısıdır, siyasətçidir və o, bu vəziyyəti bilir. Bütün bunlara baxanda, Putinin onlarla bu formatda bir araya gəlməsi mümkünsüz görünür. Deyək ki, məsələn, Türkiyədə, Ankarada Putin-Zelenski görüşü mümkün görünürdü. Hətta Tramp da həmin zamanı Yaxın Şərqdə səfərdə idi və bildirilmişdi ki, əgər ehtimal alınarsa, o da İstanbula gələ bilərdi. O, real idi. Yəni, o görüşün özünün baş tutması real idi, amma o qədər şantaj elədilər, o qədər neqativ informasiyalar, davranışlar, bəyanatlar verildi ki, Putin müvəqqəti olaraq fikrindən döndü. Düşünürəm ki, bu məsələ də real görünmür".
Zeynəb Mustafazadə