“Son söz ABŞ-nindir, Avropa sadəcə görüntü yaradır” – Şakir Ağayev – ÖZƏL

"Sentyabrın 4-ü Parisdə Zelenski və Avropa liderləri Ukraynanın təhlükəsizlik təminatının müzakirəsi üçün görüş keçirəcəklər. Görüşdə həmçinin Fridrix Merz, Kir Starmer, Mark Rutte və digərləri iştirak edəcəklər. Amma Rusiya prezidentinin bu görüşdə iştirak edəcəyinə çox az ehtimal verirəm".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Putin ayın 3-nə qədər Çində səfərdədir. 5-6-sında isə Vladivostok İqtisadi Forumu keçiriləcək və orada da onun iştirakı gözlənilir. Ona görə də bu görüşdə iştirak edib-etməyəcəyini dəqiq deyə bilmirik. Hələlik bu barədə təsdiqlənmiş bir məlumat yoxdur.

"Trampın təşəbbüsü ilə Avropa liderlərinin masasında oturmağa gəlincə, burada belə bir vəziyyət yaranır ki, ABŞ əsas oyunçu rolunu oynayır. ABŞ bu masa olmasa da əsas oyunçudur. Biz bunu bu yaxınlarda, avqust ayının 18-də Amerikada keçirilən görüşdə gördük. Avropa liderlərini qapı arxasında, daha sonra masa arxasında "orta məktəb şagirdləri kimi" gözlədirdi", - deyə Ş. Ağayev vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, əslində, bu proseslərdə son söz ABŞ-yə məxsusdur və danışıqlar da ABŞ ilə Rusiya arasında gedir. Avropa sadəcə görüntü yaradır, amma bu görüntünü də əslində Amerika yaradır. Avropa istəyir ki, masada yer alsın. Ona görə də istənilən vasitə ilə Ukrayna ilə danışıqlarda iştirak etməyə çalışır ki, Avropasız danışıqlar mümkün olmasın.

"Avropa Birliyinin əsas məqsədi odur ki, Rusiya-Ukrayna müharibəsində birliyin önəmli rolu olsun. Çünki bu, sadəcə Rusiya-Ukrayna müharibəsi deyil, həm də Rusiya ilə Qərb arasında gedən bir müharibədir və dünyanın yenidən bölüşdürülməsi prosesidir. Sözsüz ki, Avropa istəyir ki, bu prosesdə onun da yeri olsun", - deyə siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31