Ermənistan müxalifəti: “Ararat Mirzoyan yalan danışır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentində "Ermənistan" blokunun deputatları ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Bakı ilə sülh müqaviləsinin layihəsində konkret xəritələrin təsbit olunmaması barədə dediklərini təkzib ediblər.

Faksiya üzvləri - Anna Qriqoryan, Artur Xaçatryan, Kristine Vardanyan və Heqam Manukyan birgə bəyanatla çıxış edərək bildiriblər ki, Mirzoyan 27 avqustda İctimai Televiziyaya verdiyi müsahibədə "Necə ola bilərdi ki, sülh sazişində xəritə olsun?" sözlərini işlədib.

"Rəsmi şəkildə bəyan edirik ki, Ararat Mirzoyan yalan danışır. Sazişin razılaşdırılması prosesində Ermənistan tərəfi delimitasiya və demarkasiya üçün SSRİ Baş Qərargahının 1974-1979-cu illərin xəritəsini əsas götürməyi təklif edib. Azərbaycan tərəfi isə illər göstərilmədən ümumi formulu irəli sürüb. Nəticədə Ermənistan bu məsələdə də geri çəkilərək Azərbaycanın tələbinə razılaşıb", - bəyanatda qeyd olunur.

Müxalifətçilərin sözlərinə görə, bu, sərhədin dəqiq xəttinin təsbit olunmaması və danışıqların Azərbaycanın şərtlərinə uyğun aparıldığını göstərir. Onlar həmçinin vurğulayıblar ki, Ermənistan tərəfi öz ərazi bütövlüyünü qoruyan heç bir bəndi sənəddə təsbit etməyib.

Deputatlar hökuməti bütün danışıqlar paketlərini açıqlamağa çağırıblar ki, onların iddiaları "təkzib olunsun".

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev yeddi maddədən ibarət birgə bəyannamə imzalayıblar. Sənəd tərəflərin sülhə sadiqliyini təsbit etsə də, detallara yer verməyib. ABŞ Prezidenti Donald Tramp da sənədi razılaşmanın şahidi kimi imzalayıb. 11 avqustda isə iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Vaşinqtonda sülh və qarşılıqlı münasibətlərin qurulmasına dair sazişi paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31