İran parlamenti içinin pasını tökdü: “Zəngəzur dəhlizi regionun təhlükəsizliyinə təhdiddir” – ÖZƏL
29 Avqust 12:06 SiyasətOlaylar.az xəbər verir ki, İran parlamenti (İslam Məsləhətçi Məclisi) Cənubi Qafqazla bağlı bəyanat yayıb. Sənəddə qeyd olunur ki, bu region İran üçün sadəcə coğrafi sərhəd deyil, həm də təhlükəsizlik perimetri, strateji dərinlik və mədəni-mədəniyyət sahəsidir.
Bəyanatda bildirilir ki, İran daim regional məsələlərin həllini bölgə ölkələrinin birbaşa dialoqu vasitəsilə, xarici güclərin müdaxiləsi olmadan dəstəkləyib.
"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, məcburi dəhlizlərin yaradılması və ya Zəngəzur dəhlizi kimi layihələrin həyata keçirilməsi region ölkələrinin maraqlarına ziddir və kollektiv təhlükəsizliyə birbaşa təhdiddir", - deyə parlamentin açıqlamasında vurğulanır.
İran tərəfi həmçinin xatırladıb ki, sərhədlərin dəyişdirilməsi BMT Nizamnaməsinə və dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir. Məclis bəyan edib ki, ölkə milli maraqları və təhlükəsizliyi təhdid olunacağı halda bütün siyasi, hüquqi və qanuni vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Bəyanatda əlavə olunub ki, Cənubi Qafqaz İran üçün yalnız təhlükəsizlik baxımından deyil, həm də enerji, tranzit və iqtisadi marşrut kimi həyati əhəmiyyət kəsb edir. Buna görə də Tehran regional layihələrin yalnız mövcud sərhədlər çərçivəsində və qarşılıqlı hörmət əsasında davamlı ola biləcəyini bəyan edib.
Parlament bütün ölkələri mehriban qonşuluq prinsiplərinə riayət etməyə, gərginlik yaradan addımlardan çəkinməyə və regional əməkdaşlığı xarici dövlətlərin iştirakı olmadan genişləndirməyə çağırıb.