“3+3” formatı: İran və Rusiyanın Qərbi bölgədən uzaq saxlama cəhdi – ÖZƏL
28 Avqust 2025 16:44 Siyasətİran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, 3+3 formatı Cənubi Qafqazda mübahisələrin həllində uğurlu mexanizmdir və transregional müdaxilələrin qarşısını alır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın da qatıldığı bu platforma mühüm məsləhətləşmə mühiti yaradır. Tehran bu açıqlama ilə Qərbin bölgədəki roluna qarşı çıxır. Gürcüstanın mövqeyinə görə format "5-lik" modelinə çevrilə bilər. Mövzu Rusiya-İran telefon danışıqlarında da müzakirə olunub.
Maraqlıdır, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin açıqlaması əslində nədən xəbər verir?
"Bu bəyanatın əsas məqsədi ondan ibarətdir ki, Rusiya İrana da dəstək verərək regiona Qərbin gəlməsini istəmir. Ancaq həm Rusiya, həm də İran hələlik buna qarşı ciddi addım ata biləcək gücdə olmadıqlarını anlayırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, əslində, İran da, Rusiya da vaxtında "altılıq platforması"na çox da isti yanaşmadılar və məsələlərin geniş müzakirəsinə maraq göstərmədilər:
"Bu platformanın reallaşması üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Məsələn, Gürcüstan deyir ki, mən qoşula bilmərəm, çünki Rusiya ərazilərimi işğal edib, işğal davam etdiyi halda mən həmin platformada iştirak edə bilmərəm. Bu, faktiki olaraq platformanın qarşısında ciddi əngəldir. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini təsdiqləyə biləcək razılaşma artıq əldə olunub, sadəcə xırda detalların icrası qalıb. Bu fonda Paşinyanın açıqlamaları - məsələn, Avrasiya İttifaqından imtina, yaxud 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından imtina ehtimalları - həm Rusiyanı, həm də İranı ciddi şəkildə narahat edir. Ancaq onlar bunu açıq şəkildə demirlər. Çünki artıq Azərbaycan da ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair strateji sənəd imzalayıb, Ermənistan isə bu sənədi hələ əvvəllər imzalamışdı. Bu o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistanın təhlükəsizliyi ilə bağlı ABŞ hüquqi müstəvidə öhdəliklər götürüb".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan "3+3" formatdan tamamilə imtina etməyəcəklər. Amma bu format çərçivəsində də yeni addımların atılacağı ehtimalı azdır. Yəni, format mövcuddur, amma əgər əməkdaşlıq bərabər şərtlər əsasında təmin olunarsa, o zaman işlək ola bilər. Əks halda, perspektiv görsənmir.
"İran və Rusiyanın mövqeyi isə sadəcə ondan ibarətdir ki, Qərb regiona daxil olmasın, monopoliyanı özləri əlində saxlasınlar. Lakin düşünmürəm ki, bu addımlar real nəticələrə gətirib çıxarsın. Ona görə də "altılıq platforması"nın ciddi perspektiv yaratması inandırıcı görünmür. Sadəcə müəyyən məsləhətləşmə platforması ola bilər", - deyə siyasi şərhçi əlavə edib.
Sevda Dəniz