" 3+3 formatı bölgədə prosesləri əngəlləmək üçün ortaya atılıb" - Oqtay Qasımov - ÖZƏL
28 Avqust 2025 15:13 Siyasətİran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, Cənubi Qafqazda 3+3 formatı regional mübahisələrin həllində uğurlu təcrübədir və bu mexanizm transregional müdaxilələrin qarşısını almağa xidmət edir. O, Azərbaycanın və Ermənistanın da qatıldığı bu platformanın bölgə ölkələri üçün mühüm məsləhətləşmə mühiti yaratdığını qeyd edib. Tehran son açıqlaması ilə Qərb və ABŞ-ın bölgədəki roluna qarşı çıxış edir.
İranın 3+3 formatını gündəmə gətirməsi Qərbin regiondakı təsirinə qarşı real alternativ yarada bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İran tərəfi əslində ilk dövrlərdə bu təklif irəli sürüləndə ona heç də isti münasibət bəsləməmişdi. Biz bunu çox yaxşı xatırlayırıq. Çünki bu formatın təşəbbüskarı və təklifi Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüşdü. İran isə Rusiyanın təşviqi nəticəsində bu prosesə qoşuldu. Amma bu format, təəssüf ki, işlək format olmadı.
Əslində bu format işlək olsaydı, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi daha sürətlə həyata keçirilə bilərdi, kommunikasiyalar açıla bilərdi. Bu baxımdan 3+3 formatı gələcəkdə də müəyyən müzakirə platforması ola bilər. Amma onun işlək formata çevrilməsi üçün gərək bütün tərəflər bu prosesdə konstruktiv şəkildə iştirak etsin. Amma biz görürük ki, Rusiyada Azərbaycana qarşı təzyiqlər, soydaşlarımıza qarşı həyata keçirilən repressiyalar, İranda müəyyən dairələrin Azərbaycana qarşı əvvəlki qaydada təhdid və iftiralarla çıxış etməsi davam edir. Yəni mən gələcəkdə bu formatın işlək olacağını düşünmürəm. Sadəcə olaraq, bu tipli təkliflərin ortaya atılması 8 avqust Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra bölgədəki prosesləri əngəlləmək üçün ortaya atılmış iddialardır".
Zeynəb Mustafazadə