80 illik qələbə: Çin qlobal siyasətdə özünü göstərir - ÖZƏL
14:32 Siyasət" Çində, bu ölkənin İkinci Dünya Savaşında Yaponiya üzərində qələbəsinin 80-ci ildönümü ilə bağlı hərbi parad və digər tədbirlər keçirilir. Bu, geosiyasi qütbləşmənin əks cinahlarında qərar tutmuş dövlətlər arasında münasibətlərin böhran yaşadığı dövrdə baş verir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bəllidir ki, Yaponiya və Çin arasında hərbi əməliyyatlar Asiya qitəsində keçirilmiş, Yaponiyanın məğlubiyyəti Avroasiyanın sonrakı geosiyasi durumunun formalaşmasına ciddi təsir göstərmişdir. Çin Almaniyaya qarşı birbaşa hərbi əməliyyatlarda iştirak etməsə də, onun Asiyadakı müttəfiqi Yaponiyanın darmadağın edilməsində SSRİ ilə birlikdə iştirak etdiyindən və militarizm üzərində qələbəyə töhfə verdiyindən, SSRİ-nin təşəbbüsü ilə Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmuşdur. Sonralar Yaponiyada ABŞ hərbi bazalarının yaradılması ilə rəsmi Tokionun xarici siyasi kursu simvolik mahiyyət kəsb etmişdir. Asiya dövləti olmasına baxmayaraq, o, Avroaziyaçılarla Avroatlantlar arasında güclənən qarşıdurmada qərbçilərin mövqeyində durmuşdur, bu ds, onun Böyük 7-nin üzvü olması ilə əlaqədardır.
Tədbirə Avropanın 26 dövlətinin dəvətli olması rəsmi Pekinin hazırda ABŞ və Avropa arasında, həmçinin Ukrayna böhranının nizamlanması, habelə prezident Trampın Avropaya yönəli tarif siyasəti ilə bağlı narazılıq doğurduğundan, Çin məlum tərəflərlə münasibətlərdə manevrlər etmək imkanları qazanır.
Nəzərə almaq lazımdır ki, hazırda Mərkəzi Asiya bazarları uğrunda Avroatlantlar və Avroasiyaçılar arasında mübarizə mahiyyət etibarı ilə yeni və kəskin bir mərhələyə daxil olub. ABŞ Avropa Birliyi ilə birgə Çin və Rusiyanı Mərkəzi Asiyadakı bazarlardan sıxışdırıb çıxarmağa çalışır.
Qələbə tədbirlərindən dərhal sonra isə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunacaq tədbirlər keçiriləcək. Bu təşkilat isə BRİKS kimi, mütəşəkkil Qərb tərəfindən onun geosiyasi maraqlarının ziddinə fəaliyyət göstərən qurum kimi qəbul edilir.
Azərbaycan və Ermənistan liderlərinin Şimali Koreya lideri ilə birgə ŞƏT-nin tədbirləri çərçivəsində görüşlər keçirməsi əlbəttə, Qərbdə bəzi suallar doğuracaq. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, o, bütün tərəflərlə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirməyin tərəfdarıdır. Məhz buna görə də bir tərəfdən Çinin "Bir Kəmər, Bir Yol" xəritəsini dəstəkləyir, digər tərəfdən isə ABŞ-la Orta Dəhliz layihəsi ətrafında razılıqlara gəlir və bu zaman region dövlətlərinin narazılığına səbəb ola biləcək digər layihələrin tərkibində yer almır".
Zeynəb Mustafazadə