“Maneəsiz Zəngəzur” nə deməkdir?- ÖZƏL
28 Avqust 2025 11:45 SiyasətBu ilin 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır. Burada maneəsiz əlaqə dedikdə nə nəzərdə tutulur və onun əhəmiyyəti nədir? Olaylar-ın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, "Maneəsiz əlaqə" ifadəsi burada həm texniki, həm də siyasi-strateji məna daşıyır: "Bu ifadə fiziki nəqliyyat dəhlizi konteksində Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən yolun (dəmir yolu və avtomobil yolu) sərhəd-keçid prosedurlarına məruz qalmadan, sərbəst və fasiləsiz istifadəsini nəzətdə tutur. Yəni, bu marşrutdan istifadə edən yük maşınları, sərnişinlər və qatarlar əlavə gömrük yoxlamaları və ya inzibati baryerlər olmadan keçə bilsinlər.

Təhlükəsizlik təminatı konteksində "Etibarlı" ifadəsi o deməkdir ki, bu yol yalnız açıq olmaqla kifayətlənmir, həm də davamlı fəaliyyət göstərməli, hər hansı siyasi gərginlik və ya lokal insidentlərlə bağlanma riski daşımamalıdır.
Eyni zamanda dəhlizdə İnfrastruktur uyğunluğu da təmin olunamlıdır. Yəni, Yolların beynəlxalq standartlara cavab verəcək şəkildə tikilməsi, dəmir yolu bağlantısının Türkiyə və Azərbaycan arasında bütövlükdə nəqliyyat şəbəkəsinə inteqrasiyası təmin edilməlidir.
Maneəsiz və etibarlı əlaqənin mühüm əhəmiyyəti vardır. Belə ki:
- Naxçıvanın blokadadan çıxması humanitar və tarixi məsələdir. Hazırda Naxçıvana gedən əsas yol İran üzərindən keçir. Maneəsiz dəhliz Azərbaycanın öz ərazisi üzərindən Naxçıvana birbaşa çıxışını təmin edəcək.
- Azərbaycan-Türkiyə birbaşa quru bağlantısının yaranması strateji məsələdir. Bu yol faktiki olaraq Bakıdan Naxçıvan vasitəsilə Türkiyəyə çıxışı möhkəmləndirəcək.
- Bu, regional ticari və strateji inteqrasiyanı gücləndirir.
Regional balansın formalaşması dayanıqlı sülh üçün yeni imkanlar yaradır: Ermənistan üzərindən keçəcək bu yol açılarsa, bölgədə yeni iqtisadi əməkdaşlıq formatı yaranar. Bu, həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Cənubi Qafqazda ümumi sabitliyə müsbət təsir edə bilər.
- Geoiqtisadi imkanların yaranması Orta Dəhliz üçün yebi üstünlüklər yaradır: Azərbaycan üçün Orta Dəhliz layihəsinin bir hissəsi olaraq, Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə marşrutu daha da güclənir.
Qısaca, "maneəsiz əlaqə" dedikdə gömrük-sərhəd baryerlərinin olmaması, təhlükəsiz və fasiləsiz nəqliyyatın təminatı nəzərdə tutulur. Onun əhəmiyyəti isə Naxçıvanın blokadadan çıxması, Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsinin möhkəmlənməsi və ölkəmizin tranzit rolunun güclənməsi ilə bağlıdır".