Bütün yollar Azərbaycandan keçir- ÖZƏL
28 Avqust 2025 10:47 Siyasət"Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, eyni zamanda Şimal-Cənub dəhlizi də olacaqdır. Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində cənab Prezidentimiz İlham Əliyev bunu aşağıdakı kimi izah etdi:
"... bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib:
"Dəhlizin işə düşməsi Rusiya, İran, Ermənistan və ondan istifadə edəcək bütün digər ölkələrin hamının faydasına olub, qitələr arasında ticarətin həcmini artıracaq, sülhü və etimadı möhkəmləndirəcəkdir. Sülh, qarşılıqlı faydalı əməkdaşlıqdan isə heç vaxt heç kim ziyan görməyib. Həmin ölkələrdə kimsə ona qarşı çıxacaqsa öz dövlətinin və xalqının maraqlarının əleyhinə getmiş olacaqdır.
Dövlət başçımız Azərbaycanın əlverişli coğrafi mövqeyini böyük siyasi-iqtisadi, strateji üstünlüklərə çevirərək onu Rusiya, İran, Ermənistan və digər ölkələrin beynəlxalq ticarət-iqtisadi və nəqliyyat-kommunikasiya əməkdaşlığının həyata keçirilməsində inanılmaz əhəmiyyətli ölkə edir. Azərbaycanın dünya ticarətində yeri xeyli möhkəmlənəcək, rolu və nüfuzu artacaqdır.
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycan və bütün digər ölkələrdə yeni infrastrukturun qurulmasına, iş yerlərinin açılmasına, xalqların rifah halının yaxşılaşdırılmasına gətirəcəkdir. Bütün yollar Azərbaycandan keçir. Bu yollar etibarlı və təhlükəsizdir. Sülh, qarşılıqlı faydalı əməkdaşlıq yolları daim açıq olsun. Kin-küdurət, nifaq, qarşıdurma, düşmənçilik yolları və cığırları isə həmişə bağlı olsun, ot bassın və itib getsin".