Türk dövlətlərinin həmrəyliyinin real göstəricisi- ÖZƏL
28 Avqust 2025 10:37 Siyasət"Son illərdə Bakı və Aşqabad arasında əlaqələrin yüksələn xətlə inkişafı müşahidə olunur. Xalqları birləşdirən tarixi, mədəni və mənəvi bağlar dövlətlərarası münasibətlərin də möhkəm təməllər üzərində qurulmasına imkan yaradıb. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Bakıya və Qarabağa səfəri bu qardaşlığın əyani təsdiqi oldu. Həmin səfərdə siyasi, iqtisadi və humanitar məsələlərdə mövqelərin üst-üstə düşməsi gələcək əməkdaşlığın strateji bazasını formalaşdırdı". Olaylar xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: "Avaza görüşündə imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması xüsusi əhəmiyyət daşıyır. Bu razılaşma yalnız şəhərlər arasında deyil, bütövlükdə xalqlar arasında dərin dostluğun rəmzi kimi qiymətləndirilir və mədəni, sosial, iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə qardaş ölkələrin verdiyi töhfələr xüsusi vurğulanmalıdır. Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscid inşa olunacaq. Bu layihə təkcə dini-mənəvi dəyərlərin bərpasına deyil, həm də türkmən xalqının Azərbaycana olan səmimi qardaşlıq münasibətinin təcəssümü kimi dəyərləndirilir.
Özbəkistan isə həm təhsil, həm də iqtisadi sahədə Qarabağın dirçəldilməsinə əməli dəstək verir. Xankəndidə fəaliyyətə başlayan iri tikiş fabriki artıq yüzlərlə insana iş yeri təmin edib. Bununla yanaşı, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb inşa edilərək istifadəyə verilib. Bu təşəbbüslər türk dövlətlərinin həmrəyliyinin real göstəricisinə çevrilib".