Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir- ÖZƏL
28 Avqust 2025 10:24 Siyasət"Azad edilmiş ərazilərimizdə məcburi köçkünlərin mərhələli şəkildə yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının əsas istiqamətini təşkil edir. Proqramın birinci mərhələsi çərçivəsində qarşıya qoyulan hədəf 2026-cı ilədək 140 min sakinin öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır. Buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, sənaye və energetika müəssisələrində çalışan işçilər, həmçinin tələbələr də daxildir". Olaylar xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib:
"Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərə səfəri zamanı şəhərdə inşa edilən birinci yaşayış kompleksində yaradılmış şəraitlə tanış olub, sakinlərlə görüşüb. Dövlət başçısı qeyd edib ki, birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksi tikiləcək və həmin binalarda 10 mindən çox insan məskunlaşacaq. Bu, Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyinə bariz nümunədir.Azərbaycanın qarşıya qoyduğu hədəflərə vaxtında nail olması ölkəmizin möhkəm siyasi iradəsini və gücünü nümayiş etdirir. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə 30 illik işğal dövrünə, 44 günlük İkinci Qarabağ müharibəsinə və postmünaqişə reallıqlarına diqqət çəkərək vurğuladı ki, xalqla iqtidarın birliyi, hərbi Zəfərimiz və vətənpərvərlik ruhu bütün dünyaya Azərbaycanın güclü dövlət olduğunu sübut etdi".