Trampın əlindəki ləkə onun səhhəti ilə bağlı yeni müzakirələrə səbəb olub

Ağ Evdən yayılan fotolar ABŞ prezidenti Donald Trampın səhhəti ətrafında yeni söz-söhbətlərə yol açıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cənubi Koreya lideri Li Çje Menin qəbulundan çəkilmiş şəkillərdə Trampın sağ əlində iri, göyümtül iz görünür.

Sosial şəbəkələrdə dərhal fərziyyələr səslənib: adi qançır, damardaxili inyeksiyanın izi, yaxud dərmanların yan təsiri ola biləcəyi irəli sürülüb. "Bild" yazır ki, Ağ Ev daha əvvəl Trampın xroniki venoz çatışmazlıqdan əziyyət çəkdiyini təsdiqləsə də, həkimlər bu xəstəliyin həmin ləkəni yaratmasının az ehtimal olunduğunu bildirirlər. Prezidentin şəxsi həkimi Şon Barabarella ləkəni tez-tez edilən əl sıxmalarla və Trampın gündəlik aspirin qəbul etməsi ilə izah edib.

Trampın, eləcə də onun sələfi Co Baydenin əllərinin zahiri görkəmi ətrafında oxşar müzakirələr daha əvvəl də yaranıb. Mütəxəssislər vurğulayırlar ki, ABŞ prezidentinin səhhəti məsələsi xüsusilə 2026-cı il aralıq seçkiləri ərəfəsində həssas mövzuya çevrilir.

Xatırladaq ki, 2016-cı ildə Tramp səhhəti ilə bağlı iddialara cavab olaraq seçicilərə tibbi arayış təqdim etmişdi. Lakin sonradan məlum olmuşdu ki, həmin sənədin mətnini o, özü yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31