Bakıdan Paşinyana təhlükə xəbərdarlığı: “Bunları seçkiyə qədər təxirə salsın”

ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyannaməsi, sülh mətninin paraflanması Ermənistanın revanşist müxalifətini ciddi şəkildə narahat edib. Odur ki, radikallar Ermənistandakı seçkilər öncəsi müxalifət bundan Nikol Paşinyana qarşı istifadə edərək, onu Zəngəzur dəhlizini Azərbaycana verməkdə və silahlanmanı dayandırdığına görə ittiham edirlər.

Bunu Musavat.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə söyləyib. Ekspertin sözlərinə görə, halbuki, birgə Bəyannamədə və sülh mətnində belə bəndlər yoxdur: "Guya Nikol Paşinyan bunu xalqdan gizlədir. Sadəcə, müxalifət Paşinyanın reytinqinə zərbə vurmaq üçün bu tezisi ortaya atır. Nikol Paşinyan da haqlı olaraq seçkilərdə sülh və ya müharibəni seçməsini xalqın ixtiyarına buraxıb. Burada Paşinyanın məntiqi reallığa əsaslanır. Həqiqətən də müxalifət müharibəni təbliğ edir və tezisləri buna əsaslanır".

M. Əsədullazadə hesab edir ki, 2026-cı ilin dövlət büdcəsində hərbi xərclərin artırılmasının nəzərdə tutulmamasını, Ermənistan ordusuna vəsaitin azaldılması və silahlanmanın azaldılmasının büdcəyə qənaət etmək üçün olduğunu: "Təbii ki, Azərbaycan Ermənistan hakimiyyətinin sülh niyyətində səmimi olduğunu bilmək üçün ordunun silahlanmasının vəsaitinin dayandırılmasını tələb edə bilər. Əgər sülh varsa, orduya niyə vəsait ayrılmalıdır?! Həmçinin Paşinyan xalqı əmin edir ki, artıq sülh var, silahlanmaya ehtiyac yoxdur. Vəsait də sosial problemlərə ayrılacaq. Xalq da buna görə Nikol Paşinyanı dəstəkləyə bilər. Erməni əhali artıq müharibə istəmir və Nikol Paşinyanın təşəbbüslərini dəstəkləyir. Ona görə də müxalifət bundan narahatdır. ABŞ-da əldə olunan razılaşmalara N. Paşinyan gedir. Çünki, orduya vəsait ayırsa, yenidən hücum silahları alırsa, sülh müqaviləsi mümkün olmayacaq. Paşinyan apardığı siyasətin Ermənistanın təhlükəsizlik maraqlarına cavab verdiyi üçün bu addımı atır".

Siyasi şərhçi xüsusilə vurğulayıb ki, həm də Azərbaycan və Türkiyə Ermənistanın təhlükəsizliyinə qarant verib:"Azərbaycan da əmin olmaq istəyir ki, Ermənistan sülhdə maraqlıdır. Sülh istəyən ordusunu silahlandırmaz! Bunu müxalifət faciə kimi təqdim edir. Amma onlar geosiyasi reallıqları görməzdən gələrək, Ermənistanı yenidən uçuruma apara bilərlər. Nikol Paşinyan xalqa həqiqətləri deyir və Vaşinqton razılaşmaları ilə bağlı heç bir bəndi gizlətmir".

Bəs belə bir durumda, xüsusilə də xaricdən sifarişlər əsasında fəaliyyət göstərən radikallar, "5-ci kolon" seçkiöncəsi Nikol Paşinyana sürpriz hazırlaya, yaxud onu aradan götürə bilərlərmi?

M. Əsədullazadə: "Nikol Paşinyanın sülh istiqamətində addımları və regionda yeni reallıqlara uyğun siyasət aparması, Rusiyaya bağlı "5-ci kolon"un hərəkətə gəlməsinə səbəb olub. Təbii ki, radikallar, "5-ci kolon" Ermənistanda daim təxribatlara əl atıb və bu, istisna deyil. Hazırda olanların təbliğatı belə təxribatlara əl atmasına əsas verir. Radikallar Rusiyanın 102-ci bazasından istifadə edə bilər. Seçkilər günü və öncəsi Nikol Paşinyana qarşı silahlı təxribatlar və lokal bir silahlı insidentin törədilməsi də istisna deyil. Burada Kilsənin rolunu da istisna etmirəm. Hazırda Kilsə ilə Baş nazir arasında böhran səngisə də, pərdəarxası savaş davam edir. Təbii ki, Nikol Paşinyana silahlı hücum istisna deyil. Yaxşı olardı ki, Paşinyan sərbəst şəkildə İrəvan küçələrində gəzməyi və rahat kofe içməyi seçkiyə qədər təxirə salsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31