Azərbaycanın regional və qlobal məsələlərdə aparıcı rolu - ÖZƏL
16:45 Siyasət"Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi geniş müsahibədə həm milli məsələlərimiz, həm regional, həm də qlobal məsələlərə kifayət qədər ustalıqla aydınlıq gətirildi. Yəni, Azərbaycan Prezidenti bu müsahibə ilə bir daha göstərdi ki, dövlətimiz müstəqil siyasətindən əl çəkmək fikrində deyil. Azərbaycanla birgə yol getmək istəyən tərəflər mütləq ölkəmizin maraqlarını və mənafelərini nəzərə almalı, həmçinin Azərbaycanın mövcud imkanları ilə hesablaşmalıdırlar."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Müsahibədə istər ABŞ və onun Prezidenti Donald Trampla bağlı münasibətlər, istərsə də Bayden administrasiyası dövründə Azərbaycana münasibət, eləcə də Azərbaycan-Rusiya əlaqələri, Rusiyanın ölkəmizə yanaşması, Ermənistanla sülh prosesi və ümumilikdə Ermənistan-Azərbaycan münasibətləri barədə kifayət qədər aydın və maarifləndirici fikirlər səsləndirildi.
Qeyd etmək lazımdır ki, "Əl-Ərəbiyyə" həm ərəb, həm də ingilis dilində yayımlanan və daha çox ərəb coğrafiyasına müraciət edən bir televiziya kanalıdır. Bəzən biz düşünürük ki, orada müsəlman icması yaşadığı üçün Azərbaycana rəğbət daha güclü ola bilər. Amma əslində bu, tam da belə deyil. Çünki bir çox hallarda həmin auditoriyada ölkəmizlə bağlı kifayət qədər dolğun məlumat olmur. Bu baxımdan, yaranan informasiya boşluğunu doldurmaq üçün cənab Prezident çox mühüm fikirlər səsləndirdi.
Üstəlik, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı dedikləri, İslam dini və Azərbaycanda sünni-şiə münasibətlərinə dair vurğuladığı məqamlar, həmçinin Azərbaycanın dünyəvi dövlət olaraq nəyə üstünlük verdiyini xüsusi qeyd etməsi olduqca önəmli idi.
Bütün bunlar, mənim fikrimcə, qarşıdakı günlərdə ayrıca müzakirə olunacaq və Azərbaycanın dövlət mövqeyinə daha da aydınlıq gətirəcək."
İbrahim Məmmədli