Mübariz Göyüşlü: “ABŞ və Avropa arasında gizli liderlik mübarizəsi gedir” - ÖZƏL
16:25 SiyasətABŞ ilə Fransa arasında münasibətlərdə son günlər nəzərəçarpacaq gərginlik müşahidə olunur. ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşner ölkədə antisemitizmlə mübarizənin yetərincə aparılmadığını bildirərək Fransa hakimiyyətini tənqid edib. Bu açıqlamadan sonra diplomat Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin mövqeyi və digər məsələlər iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub.
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, ABŞ səfirinin Fransa prezidentlərini antisemitizmlə mübarizə məsələsində irad tutması və yaxud tənqid etməsi anlaşılan və qəbul edilən bir məsələ deyil. Düşünmürəm ki, Fransada və yaxud Avropada antisemitizm o həddədir ki, bu, yəhudilər üçün hər hansı bir təhlükə törədir və yaxud təhlükə yarada biləcək problem həddinə çatsın. Nəzərə alsaq ki, İsrailin Fələstində həyata keçirdiyi soyqırım siyasətini düşünəndə, təbii ki, yəhudilərə qarşı Avropada və dünyada müəyyən etirazların, narazılıqların olması mümkündür. Çünki faktiki olaraq Qəzza açıq hava həbs düşərgəsini xatırladır. İnsanlar orada aclığa məhkum edilir, orada soyqırım həyata keçirilir, günahsız insanlar öldürülür. Yəni, bu hərəkətlərə göz yummaq mümkün deyil və belə məsələlərə görə də İsrail, yaxud yəhudilər tənqid olunurlarsa, mən düşünmürəm ki, bu, antisemitizm kimi qiymətləndirilməlidir. O ki, qaldı Fransa ilə ABŞ arasında gərginliyin Avropa İttifaqına və digər əməkdaşlıqlara təsirinə - Avropa İttifaqı ilə ABŞ arasında artıq illərdir ki, gizli şəkildə gedən bir mübarizə var. Münaqişə demək deyil, mübarizədir. Bu da dünyada güc mərkəzi olmaq, liderliyi ələ almaq uğrunda aparılan mübarizədir. Bu mənada sözügedən məsələ də həmin mübarizəni gücləndirə bilən amillərdən biri ola bilər və bu proses bundan sonra da davam edəcəkdir. Baxırıq ki, ABŞ Rusiya-Ukrayna müharibəsində müəyyən cəhdlər göstərərkən, digər məsələlərdə Makron, Almaniya kansleri tənqid olunur ki, Avropa İttifaqı bu hadisələrin arxasınca sürünür. Avropa mərkəzçiliyi düşüncəsində olanların, Avropa millətçiliyi mövqeyində dayananların fikri budur ki, Avropa İttifaqı liderlik uğrunda fəaliyyətini gücləndirməli, dünyada önəmli güc mərkəzinə çevrilməlidir.
Bu mənada tərəflər arasında gizli və ya açıq mübarizə var və bu mübarizə davam edir. Ukrayna məsələsində də münasibətlərə təsir göstərir, təbii ki. ABŞ fərqli bir siyasət yürütməyə çalışır, Avropa İttifaqı isə Ukraynanı bir mənalı şəkildə dəstəkləmək siyasəti aparır. Fransa və Almaniya Ukraynaya dəstəyi davam etdirməyi nəzərdə tutur. Ona görə də bu məsələ tərəflər arasında daha bir münaqişə, gərginlik yarada biləcək mövzulardan biri kimi ortaya çıxa bilər".
Zeynəb Mustafazadə