Region və Avrasiyada inkişafın təminatçısı – Azərbaycan - ÖZƏL
16:43 Siyasət"Prezidentin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə, əslində, Azərbaycanın regional və qlobal miqyaslı siyasətinin bütün əsas istiqamətlərinin təqdimatı idi. Regionda təhlükəsizlik, əməkdaşlıq və nəqliyyat layihələrinin uğurla icrası Azərbaycanın xarici siyasətinin mühüm istiqamətləri sırasındadır."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu sahələrin hər birində - istər təhlükəsizlikdə, istər əməkdaşlıqda, istərsə də nəqliyyat-kommunikasiya layihələrində Azərbaycan böyük nailiyyətlər əldə edib. Ölkəmizin təşəbbüskarı olduğu və ya digər dövlətlərin təşəbbüslərinə qoşulduğu layihələrin uğurla həyata keçirilməsində Azərbaycan mühüm töhfələr verir.
Xüsusilə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında Azərbaycanın sülh siyasəti önəmli rol oynayır. Bu gün Azərbaycan Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətində atdığı addımlarla bütövlükdə Cənubi Qafqaza uzunmüddətli sülh və sabitlik perspektivləri gətirir. Artıq Qafqazda dayanıqlı sülhün rəsmiləşməsi ərəfəsindəyik və bu proses bilavasitə Azərbaycanın səyləri nəticəsində mümkün olub. Bakıda keçirilən görüşlər də bir daha təsdiqlədi ki, Prezident bu mövqeyi Ərəb televiziya kanalı vasitəsilə bütün ərəb dünyasına çatdırdı.
Əməkdaşlıq Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biridir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ölkəmiz regional inkişafın ən mühüm iştirakçılarından biri kimi çıxış edir. Azərbaycan dəfələrlə bəyan edib ki, həyata keçirdiyi layihələr yalnız iqtisadi deyil, həm də sülh və əməkdaşlıq xarakteri daşıyır. İstənilən layihəni təhlil etdikdə görünür ki, həmin coğrafiyada çoxşaxəli əməkdaşlıq, işbirliyi və investisiya mühiti formalaşıb.
Nəqliyyat layihələri də Prezidentin müsahibəsində xüsusi vurğulandı. Xüsusilə Azərbaycanın enerji ixrac coğrafiyasının yaxın Şərq istiqamətində - Suriyanın üzərindən genişlənməsi olduqca əhəmiyyətli bir təşəbbüsdür. Azərbaycan artıq yalnız Avropaya deyil, həm də yaxın Şərq bazarına enerji ixracını genişləndirməyə başlayıb. Hazırda Azərbaycan qazının Suriyaya nəqli həyata keçirilir. Bununla yanaşı, Suriya timsalında Azərbaycan yaxın Şərqin enerji bazarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdadır.
Təsadüfi deyil ki, Prezident müsahibəsində Suriyanın üzərindən hətta Misir və İordaniyanın limanlarına qədər uzanan enerji bazarına çıxış perspektivlərini də diqqətə çatdırdı. Sevindirici məqam odur ki, Azərbaycanın enerji ixrac coğrafiyası artıq "Ərəb qaz kəməri" ilə birləşmək və inteqrasiya etmək imkanlarına malikdir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın enerji, təhlükəsizlik və əməkdaşlıq sahəsində həyata keçirdiyi siyasət yalnız ölkənin milli maraqlarına xidmət etmir, həm də bütövlükdə regionun və ümumən Avrasiya məkanının inkişafına töhfələr verir."
İbrahim Məmmədli