Zəngəzur dəhlizi seçkilərə görə gecikə bilərmi? - ÖZƏL

Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan bildirib ki, ABŞ və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı real addımları yalnız 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra ata bilər. Onun sözlərinə görə, hazırda ortada yalnız niyyət memorandumu var və nə Sünikdə amerikalılar, nə də qeydiyyatdan keçmiş şirkət mövcuddur. Poqosyan hesab edir ki, Moskva və Tehran hələlik gözləmə mövqeyindədir. Digər tərəfdən, Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizinin bir hissəsi olan 224 km-lik Qars-İğdır-Dilucu dəmir yolunun təməlinin qoyulduğunu açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə dəhlizin 2029-cu ilin sonunadək istifadəyə veriləcəyini və regionda yeni iqtisadi əməkdaşlıq mərhələsi açacağını bildirib.

ABŞ və Ermənistanın seçkilərə qədər real addımlardan çəkinməsi Zəngəzur dəhlizinin taleyinə necə təsir göstərə bilər? 
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Vaşinqtonda əldə olunan mühüm razılaşmalardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Trip adını alan marşrut həm də Trampın adı ilə bağlıdır və Prezident Tramp hesab edirəm ki, bu dəhlizə öz adını veribsə, bu proses sürətli şəkildə həyata keçiriləcəkdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi yenidən bəzi manipulyasiyalar həyata keçirir. Bu da tamamilə yol verilməzdir. Cənab Prezident İlham Əliyev  bildirmişdir ki, Zəngəzur dəhlizi mütləq sürətlə açılmalıdır və bütün görülməli işlər çox qısa zamanda həyata keçirilməlidir. Təəssüf ki, hələ də biz praktiki adımların atılmadığını görürük. Lakin bununla yanaşı, həm Azərbaycan tərəfdə, həm Naxçıvan Muxtar Respublikasının ərazisində, həm də Türkiyə Respublikasında bütün işlərin sürətlə getdiyinin şahidi oluruq. Xüsusilə Qars-Iğdır- Dilucu dəmir yolu ilə Ağbənd-Horadiz avtomobil və dəmir yolunun çəkilişi icra olunur. Bu da, hesab edirəm ki, çox mühüm göstəricidir. Lakin Ermənistanda bütün prosesləri seçkilərlə əlaqələndirirlər. Bu da qəbul olunmazdır. Qənaətimcə, hətta Nikol Paşinyan seçilməsə də, bu dəhlizin açılması icra olunmalıdır. Çünki söhbət təkcə Ermənistanın baş nazirinin qoyduğu imzadan getmir. Bu, Ermənistan dövlətinin və erməni xalqının seçdiyi legitim şəxsin razılığıdır.
Bu baxımdan, Zəngəzur dəhlizi mütləq sürətlə açılmalıdır. Seçkilərdən asılı olmayaraq, bu prosesi Ermənistanda daha da sürətləndirməyə ehtiyac vardır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31