Azad Məsiyev: Qərb və ermənilər Bakı-Moskva münasibətlərini soyutmaq istəyirlər – ÖZƏL
27 Avqust 15:07 Siyasət"Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında vurulması bir faciədir. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır. Beynəlxalq konvensiyalara görə, Rusiya sərnişin təyyarəsinin öz ərazisinə daxil olmasına icazə verirsə, onun təhlükəsizliyinə də zəmanət verməlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert qeyd edib ki, bu hadisə dövlətlər arasında soyuqluğa gətirib çıxardı. Çünki biz Rusiya tərəfindən bu məsələyə ədalətli yanaşma görmürük. Hadisə baş verən halda, istintaqın aparılması üçün Azərbaycanın hüquq-mühafizə orqanları Rusiyada bu cinayəti törədən şəxslərin dindirilməsində iştirak etməli idi. Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq sahəsində bir saziş mövcuddur və iki dövlət arasında münasibətlər yüksək səviyyədədir. Lakin iki dövlət arasında münasibətlərin inkişafını istəməyən qüvvələr də var. Yəni, iki dövlət arasında soyuqluğun yaranmasında maraqlı tərəflər mövcuddur.
A. Məsiyev vurğulayıb ki, uzun müddətdir Ermənistan tərəfi də Rusiya-Azərbaycan münasibətlərinin korlanmasında maraqlıdır. Qərb də iki dövlət arasında münasibətlərin soyumasını istəyir. Unutmayaq ki, Rusiyanın həm siyasi elitasında, həm kütləvi informasiya vasitələrində, müxtəlif dövlət strukturlarında, hüquq-mühafizə orqanlarında, güc strukturlarında erməni əsilli Rusiya vətəndaşları fəaliyyət göstərir. Eyni zamanda, erməni lobbisinin təsiri altında olan müəyyən qüvvələr də var və bunlar iki dövlət arasında münasibətlərin soyuması üçün addımlar atırlar. Biz bunu Rusiya mətbuatında da müşahidə edirik. İki dövlət arasında münasibətləri soyuqlatmaq üçün erməni əsilli bəzi jurnalistlər və bəzi KİV rəhbərləri açıq şəkildə Azərbaycana qarşı təbliğat aparırlar. Təbii ki, bu cür davranışlar Azərbaycan cəmiyyətində xoş qarşılanmır. Hesab edirəm ki, iki dövlət arasında münasibətlərin korlanması, soyuması nə Azərbaycanın, nə də Rusiyanın dövlət və milli maraqlarına uyğundur.
Siyasi şərhçi əlavə edib ki, Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik var. Şimal-Cənub dəhlizinin, dəmir yolu xəttinin işlək vəziyyətə gətirilməsi, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi, dəmir yolunun istifadəsi mütləq şəkildə Azərbaycanın üzərindən həyata keçirilir. Rusiyanın Cənubi Qafqazda maraqları var. Rusiyanın cənub cinahının işlək vəziyyətdə qalması üçün Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə olmalıdır. Təəssüf ki, bunu istəməyən Qərb dairələri iki dövlət arasında münasibətlərin soyumasında maraqlıdırlar. Unutmayaq ki, Azərbaycanla Rusiya arasında münasibətlərin soyuması, dolayısı ilə Türkiyə ilə Rusiya arasında münasibətlərin də soyumasına gətirib çıxara bilər. Bu baxımdan, Rusiyanın dövlət və milli maraqlarına uyğun deyil ki, Azərbaycanla münasibətlər pisləşsin.
Ekspert vurğulayıb ki, iki dövlət arasında münasibətlərin soyumasını həm Qərb, həm də ermənilərin strateji planları şərtləndirir. Qərb və ermənilərin birgə fəaliyyəti Rusiyada fəaliyyət göstərən bəzi KİV-lərin Azərbaycana qarşı qərəzli davranışlarına səbəb olur və bu da Azərbaycan ictimaiyyətində narazılıq yaradır. Hesab edirəm ki, dövlət başçıları bu cür soyuqluğu aradan qaldırmaq üçün bir fikir mübadiləsi aparmalıdırlar.
"Təyyarə ilə bağlı Rusiyanın davranışında bir ədalətsizlik müşahidə edirik. Təbii ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olur. Çünki Rusiya beynəlxalq konvensiyaları pozdu. Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava məkanına daxil edilməsinə və onun təhlükəsizliyinə zəmanət verilməli idi. Təəssüf ki, bu baş vermədi. Baş verən hadisə sözün əsl mənasında bir faciədir. Bu faciəni aradan qaldırmaq üçün addımlar atılmalıdır. Təəssüflər olsun ki, bəzi ekspertlər və KİV-lər təyyarənin vurulmasını "sifariş" kimi qiymətləndirirlər. Bu isə yolverilməzdir. Bu, sifariş deyil, faciədir və hadisəni sifariş kimi təqdim edərək dövlətlərarası münasibətlərin soyumasına gətirib çıxarırlar," - deyə ekspert əlavə edib.
Sevda Dəniz