Şakir Ağayev: “Paşinyan seçkiləri uduzsa da, Zəngəzur dəhlizi açılacaq” – ÖZƏL

"Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın rəsmi mövqeyi belədir ki, proseslə bağlı müqavilə, şirkət müəyyən olunmalıdır. Paşinyan bir neçə gün əvvəlki açıqlamasında demişdi ki, amerikalı investorlarla birlikdə şirkət yaradacaqlar, Zəngəzur dəhlizini erməni sərhədçiləri qoruyacaq və s".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Türkiyə tərəfdən artıq bu yolun təməli qoyulub və işlər başlayıb. Ermənistan tərəfində isə hələ də 42 km-lik yolun tikintisi qalır. Bu yolun tikintisi də Ermənistanla ABŞ tərəfindən yaradılan şirkətlərin investisiyaları hesabına həyata keçiriləcək. 

Siyasi şərhçi qeyd edib ki, Paşinyan seçkilərə qədər ABŞ-də imzalanmış sənədlərin müddətini uzatmaq istəyir. Bu həm daxili siyasətdə, həm də Azərbaycanın təqdim etdiyi konstitusiya dəyişikliyi ilə bağlı məsələlərə aiddir. Buraya, təbii ki, Zəngəzur dəhlizi - Tramp yolu ilə bağlı məsələ də daxildir. Paşinyanın reytinqi hazırda əvvəlki qədər yüksək deyil və o, qorxur ki, seçkilərə qədər bu addımı atsalar, revanşist qüvvələr bu vəziyyətdən istifadə edib onun komandasının seçkilərdə uğur qazanmasına mane ola bilərlər. Həmçinin regionda maraqlı olan bəzi qüvvələr də bundan istifadə edib Paşinyan komandasının seçkilərdə məğlub olmasına şərait yarada bilərlər. Buna görə də Paşinyan prosesi yubatmağa çalışır. Paşinyan seçkilərdə qalib gəlsə, proses davam edəcək. 

Əgər Paşinyan seçkilərdə uduzsa, vəziyyət necə olacaq? 

Bu məsələyə Azərbaycan Prezidenti, cənab İlham Əliyev də "Əl-Ərəbiyyə" kanalına müsahibəsində toxundu və qeyd etdi ki, bu dəhlizin açılmasına alternativ yoxdur.
Müsahibədə də bildirdi ki, bu dəhliz mütləq açılacaq, hətta Paşinyan seçkilərdə qalib gəlməsə belə. Çünki burada təkcə Azərbaycan və Ermənistan yox, qlobal oyunçular da maraqlıdır və ilk növbədə ABŞ və digər böyük dövlətlərin burada imzası var. Ona görə hesab edirəm ki, bu dəhliz açılacaq və bu, Ermənistan üçün də vacibdir. Azərbaycan Prezidenti həmin müsahibədə həmçinin İrandan keçən alternativ dəhliz barədə də danışdı. Azərbaycanın müxtəlif variantları var, çünki dəhlizlər üzrə bir çox alternativ mövcuddur.
Azərbaycan bu gün Avropaya Gürcüstan vasitəsilə çıxış əldə edib, indi isə Araz dəhlizi vasitəsilə də çıxış imkanları yaranır. Təbii ki, bizim üçün ən vacib olan, Şərqi Zəngəzuru Naxçıvana birləşdirən yolun təmin edilməsidir.

"Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. Vaxt uzandıqca, bu, Ermənistan üçün daha ziyanlı olacaq - həm iqtisadi, həm maliyyə, həm də siyasi baxımdan. Artıq proses demək olar ki, həll mərhələsindədir və sona çatdırılacaq," - deyə Ş. Ağayev vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31