Fransalı nazir Rubio ilə danışdı: Azərbaycanla Ermənistanda nə baş verir?

ABŞ Dövlət Departamentindən bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparıb. Telefon danışığı zamanı onlar İranın nüvə silahına malik olmasına yol verməməyə çağırış ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını, Qəzzadakı humanitar vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinə son qoyulması istiqamətində səyləri və Sudanda davam edən münaqişəni müzakirə ediblər.

Bu telefon danışığı ilə bağlı siyasi şərhçi Kənan Novruzov Musavat.com-a fikirlərini bölüşüb: "Beynəlxalq geomüstəvidə baş verən proseslər təbii ki, bu və ya digər formada beynəlxalq aktorların hər birini, o cümlədən Fransa və ABŞ-ni də maraqlandırır. Bu baxımdan Cənubi Qafqaz regionu da istisna deyil. Ələlxüsus, qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycanla Ermənistan arasında normallaşmada xüsusi dinamika müşahidə olunur. ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.

Kənan Novruzov: "Azərbaycan gec-tez seçim etməli olacaq"

 Kənan Novruzov

Fransanın vasitəçi və ev sahibi olan tərəf- ABŞ ilə təması təsadüfi deyil. Mümkündür ki, Paris gözlənilən görüşün detallarını öyrənmək istəyib və öz mövqeyini qarşı tərəfə çatdırıb. Məsələ burasındadır ki, Vaşinqton və Parisin Cənubi Qafqazla bağlı maraqları üst-üstə düşmür. Odur ki, Yelisey Sarayı Ağ Evin vasitəçilik təşəbbüslərindən narahatdır. Mümkündür ki, Fransadakı Emmanuel Makron hakimiyyəti prosesi tormozlatmağa, "suları bulandırmağa" cəhd edəcək. Bunun üçün ən effektiv yol Fransanın Ermənistana təzyiq göstərməsi və ya ABŞ ilə "centlmen sövdələşməsinə" getməsidir. Ancaq, fikrimcə, bu, nəticə verməyəcək.

Fikrimcə, ABŞ- da Azərbaycan və Ermənistan liderləri arasında ciddi razılaşmaların əldə olunması mümkündür. Bu isə Fransanı daha da aqressivləşdirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31