Ulu Öndərin siyasi irsində “Türk dünyasının birliyi” ideyası xüsusi yer tuturdu- ÖZƏL

"Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, din və ənənələrlə bağlı olmuş, tarixi İpək Yolunun mühüm dayaqlarından sayılmışdır. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən etibarən bu təbii yaxınlığı strateji əməkdaşlığa çevirmək üçün ardıcıl siyasət yürüdürdü. Onun siyasi irsində "Türk dünyasının birliyi" ideyası xüsusi yer tuturdu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, türkdilli dövlətlərin həmrəyliyi yalnız mədəniyyət və tarixi bağlarla yox, həm də iqtisadi, siyasi və təhlükəsizlik maraqları ilə möhkəmləndirilməlidir. Bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin Avazada söylədiyi "Türkmənistan əmin əllərdədir" fikri təsadüfi deyildi. O, keçmiş prezident, Xalq Arxadağı Qurbanqulu Berdıməhəmmədovun müdrik siyasətini, Serdar Berdıməhəmmədovun isə inkişaf yolunu uğurla davam etdirdiyini vurğuladı. Avazadakı sürətli inkişaf həm də ölkənin etibarlı və stabil idarə olunduğunu göstərir.
Azərbaycan-Türkmənistan əlaqələrinin simvolik göstəricilərindən biri Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması oldu. Bu, xalqlarımızın əsrlərlə davam edən yaxınlığının müasir dövrdə dövlət səviyyəsində təsdiqi kimi tarixə düşdü. Bundan əlavə, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşası barədə qərar iki xalqın dini-mənəvi birliyinin parlaq nümunəsinə çevrildi. Bu addım yalnız dini abidənin inşası deyil, həm də Qarabağın bərpasına qardaş dəstəyi kimi qiymətləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31