Türk dövlətləri arasında əlaqələr xüsusi əhəmiyyət daşıyır- ÖZƏL
12:21 Siyasət"Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi türk dövlətlərinin bu baxımdan dünya üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzərində yerləşən türk dövlətləri Avropa ilə Asiya arasında birləşdirici rol oynayır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Üçtərəfli yüksəksəviyyəli görüşdə də bu məqamlar xüsusi vurğulandı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Bütün bunlar sözsüz ki, öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Çünki hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib.
Artıq əminliklə demək olar ki, türk dövlətləri arasında əlaqələr təkcə region üçün yox, qlobal müstəvidə də xüsusi əhəmiyyət daşıyır. Bu səfər Türk dünyasında həmrəyliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nümunəvi modelinə çevrilən Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələrinin gələcəyinin nə qədər parlaq olduğunu bir daha sübut etdi və onu deməyə əsas verir ki, eyni kökdən və soydan olan qardaş ölkələr arasında bundan sonra da əlaqələr əhatəli şəkildə inkişaf edəcək".