Prezident İlham Əliyev: Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik

Birinci Qarabağ müharibəsi haqqında bir az danışdım, amma bilirsiniz, bizimlə baş verənləri təsvir etmək üçün ola bilsin günlər, hətta aylar lazım olar. Orada etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü. Hələ də itkin düşmüş 3000-dən çox insanımız var və bütün bu hadisələr Azərbaycanda güclü emosional hisslərə səbəb oldu.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi.

Yəni, demək istərdim ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.

Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31