FED-in Rəhbərlər Şurasının xanım üzvü Trampı məhkəməyə verir

ABŞ prezidenti Donald Trampın Liza Kuku Federal Ehtiyat Sisteminin(FED) Rəhbərlər Şurasının üzvü vəzifəsindən azad etmək qərarına Amerika məhkəməsində etiraz ediləcək.

Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə Kukun vəkili Ebbi Louell açıqlayıb.

Ötən gün Tramp bildirib ki, nəzarət orqanının onu ipoteka krediti almaqda fırıldaqçılıqda ittiham etməsi səbəbindən Kuku tutduğu vəzifədən azad edib. O, bu qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb.

Kuk buna cavab olaraq, istefaya getmək niyyətində olmadığını və vəzifələrini yerinə yetirməyə davam edəcəyini bildirib. Louelin dediyinə görə, Trampın Liza Kuku FED Rəhbərlər Şurasının üzvü vəzifəsindən kənarlaşdırmaq səlahiyyəti yoxdur": "Onun yalnız nəzarət orqanından tövsiyə məktubu əsasında onu işdən çıxarmaq cəhdinin heç bir faktiki və hüquqi əsası yoxdur. Biz bu qanunsuz addıma etiraz etmək üçün məhkəməyə müraciət edəcəyik".

FED hadisə ilə bağlı hələlik şərh verməyib.

1913-cü ildə ABŞ Konqresi tərəfindən federal hökumətin tərkibində müstəqil təşkilat kimi yaradılan FED rəsmi olaraq prezidentə deyil, birbaşa Konqresə hesabat verir. Sənaye mediasının məlumatına görə, qarşıdan gələn məhkəmə prosesinin nəticəsi presedent yarada bilər, çünki bu, FED-in Rəhbərlər Şurasının üzvlərinin vəzifədən kənarlaşdırılması baxımından ABŞ prezidentinin səlahiyyətlərinin sərhədlərini nümayiş etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31