Qərb mediası: Əsgər göndərmə hədəsi Putini cilovlaya bilər
26 Avqust 22:08 SiyasətUkraynanın Türkiyədəki səfiri Nariman Celal bildirib ki, Türkiyə Qara dənizin minalardan təmizlənməsində iştirak edəcək və təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi qüvvə göndərməyi nəzərdən keçirir. ABŞ və Avropa ölkələrinin hərbi rəhbərləri də Ukraynaya təhlükəsizlik zəmanəti verməyin müxtəlif variantlarını, o cümlədən əsgərlərin yerləşdirilməsini müzakirə ediblər. Bloomberg-in məlumatına görə, bu missiyaya əsasən Avropa qoşun verəcək və ümumilikdə 10-a yaxın ölkə Ukraynaya hərbi qüvvə göndərməyə hazırdır.
Musavat.com xarici agenltiklərə istinaədn Qərb ölkələrində bununla bağlı fikirləri diqqətə çatdırır.
ABŞ
Donald Tramp ABŞ əsgərlərinin Ukraynaya göndərilməsini istisna edib, lakin Vaşinqtonun hava dəstəyi göstərə biləcəyini bildirib. O, konkret hansı dəstəkdən söhbət getdiyini açıqlamayıb. Keçmişdə ABŞ Liviya, İraq və Bosniya üzərində uçuşa qadağa zonaları tətbiq etmişdi. Mövzu həm də Ukraynaya əlavə HHM vasitələrinin verilməsi ola bilər.
Böyük Britaniya və Fransa
London və Paris müharibədən sonra Ukraynaya əsgər göndərməyə hazır olduqlarını bəyan ediblər. İyul ayında Makronun dediyinə görə, hər iki ölkənin ümumi kontingenti 50 min nəfər ola bilər.
Almaniya
Kansler Fridrix Mers Vaşinqton səfərində ilk dəfə Almaniya qoşunlarının Ukraynaya göndərilməsini mümkün sayıb - halbuki bir gün əvvəl xarici işlər naziri bu ehtimalı rədd etmişdi. Reuters yazır ki, Mersin bəyanatı Almaniya siyasi dairələrində parçalanmaya səbəb olub. Bir çox siyasətçi və ekspertlər Berlinin bu addımı atacağına şübhə ilə yanaşır.
Polşa, İspaniya, İtaliya
Bu ölkələr qoşun göndərməyi planlaşdırmır. İtaliyanın baş naziri Corca Meloni "NATO-light" planı təklif edib: Ukrayna Alyansa üzv olmayacaq, lakin Rusiyanın yeni təcavüzü halında müttəfiqlər 24 saat ərzində Kiyevə hərbi yardım edib-etməmək barədə qərar verməlidirlər.
Rusiya
Sergey Lavrov yenidən bəyan edib ki, Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi Moskva üçün qəbuledilməzdir. O, həmçinin təhlükəsizlik zəmanətlərində Çinin də iştirak etməsini tələb edib.
Ekspertlərin fikirləri
Hərbi ekspert Sergey Miqdala görə: "Avropa qoşunlarının Ukraynaya göndərilməsi Putin üçün qırmızı xətt çəkəcək. Rusiya Avropa əsgərlərinə hücum etsə, bu, nə Qərbin, nə də Moskvanın istəmədiyi güclü bir eskalasiyaya səbəb olar. Buna görə də bu addım Putini cilovlaya bilər."
Lakin risklər də böyükdür. Ekspertin sözlərinə görə, "bu sülhməramlılar NATO-nun himayəsində olmayacaqlar - onları Alyans yox, 'istəkli ölkələrin koalisiyası' göndərəcək. Tramp onları qətiyyən qorumağa hazır deyil. Üstəlik, Avropa ordularında kifayət qədər şəxsi heyət toplamaq da indi çətindir."