Ermənistan məğlubiyyətə bəhanə axtarır: “Azərbaycan Belarus silahları ilə 11 PUA-mızı vurub”
16:49 SiyasətErmənistan mediası 44 günlük müharibə ilə bağlı yeni iddialar tirajlayıb.
Olaylar.az xəbər verir ki, Hetq.am və OCCRP-nin dərc etdiyi "sızmış hesabat"larda Belarusun "Tetraedr" şirkətinin Azərbaycana satdığı hava hücumundan müdafiə sistemlərinin 2020-ci il müharibəsində tətbiq edildiyi, bu sistemlərin ümumilikdə 11 erməni pilotsuz uçuş aparatını məhv etdiyi qeyd olunur. Hesabatda bildirilir ki, modernləşdirilmiş "Pechora-2TM" zenit-raket kompleksləri müharibə zamanı aktiv şəkildə istifadə olunub və zavod nömrələri ilə göstərilən qurğularla konkret PUA-ların vurulması rəqəmlərlə göstərilib.
Erməni mənbələri bu məlumatı qabardaraq, 44 günlük müharibədəki ağır məğlubiyyətlərini kənar amillərlə əsaslandırmağa çalışır. Onların təqdimatında Belarusun Azərbaycana silah satışı Ermənistanın uğursuzluğunun səbəblərindən biri kimi göstərilir. Halbuki, bu iddialar sadəcə təbliğat xarakteri daşıyır və əsas həqiqəti dəyişmir.
44 günlük müharibənin nəticələri hər kəsə məlumdur: Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını azad edirdi, Ermənistan isə 30 ilə yaxın BMT qətnamələrini pozaraq işğal siyasətini davam etdirirdi. Azərbaycan uzun illər ərzində hərbi islahatlar aparmış, yeni texnologiyalara və müasir silahlara yatırım etmişdi. Prezident İlham Əliyevin liderliyi ilə ölkədə milli həmrəylik təmin olunmuş, dövlət və xalq "Dəmir yumruq" ətrafında birləşmişdi. Ermənistan isə daxili siyasi qarşıdurmalar, rəhbərliyin zəifliyi və milli həmrəyliyin olmaması səbəbindən savaş meydanında məğlubiyyətə düçar oldu.
Belarus və ya digər ölkələrdən alınan hərbi texnologiyalar müharibənin taleyini müəyyən edən əsas faktor deyildi. Qalibiyyətin əsas səbəbi Azərbaycanın ədalətli mövqeyi, düzgün hazırlığı və milli birliyi idi. Ermənistan isə işğalçı dövlət kimi ədalətsiz mövqedə dayandığına görə tarixi məğlubiyyət yaşadı.
Nəticə olaraq, erməni tərəfinin gündəmə gətirdiyi bu cür "sızma hesabatlar" onların məğlubiyyətini bəraətləndirmək cəhdidir. Reallıq isə budur ki, 44 günlük müharibədə ədalət qalib gəldi və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
(Musavat.com)