“TDT postsovet məkanında yeni geosiyasi reallıq yaradır” – Əli Mustafa – ÖZƏL

"Türk Dövlətləri Təşkilatının inkişafı postsovet məkanında geosiyasi balansı dəyişə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Rusiya imperiyası son 200 ildə Türk dünyasının əhəmiyyətli bir hissəsini işğal edib, müstəmləkəyə çevirib. Xüsusilə Türküstan, Azərbaycan və Rusiyanın içərisində yerləşən bir çox türk bölgələri bu işğalın ağırlığını yaşayıb. İndi isə vəziyyət dəyişib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Türk dünyasının bir hissəsi, formal da olsa, müstəqilliyinə qovuşa bildi. Amma hələ də Rusiyanın təsiri və işğalı altında qalan türk xalqları, türk topluluqları var. Yəqin ki, növbəti mərhələdə onların da azadlığa çıxması mümkün olacaq. Hazırda isə əsasən keçmiş SSRİ tərkibində olmuş və müstəqilliyə qovuşmuş türk dövlətlərinin inteqrasiya prosesi gedir.

Siyasi şərhçi qeyd edib ki, burada, əlbəttə, Türkiyənin müstəsna rolu var: "Türkiyə türk dövlətlərinin bir araya gəlməsini, toparlanmasını ruhlandırır və bu prosesdə mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının güclənməsi, ilk növbədə, sovet işğalından xilas olmuş türk dövlətlərində özünəgüvən yaradır. Türk xalqlarının birləşməsi, bir-birləri ilə sıx əlaqə qurması və inteqrasiya etməsi onların yenidən hansısa imperiyaların müstəmləkəsinə çevrilməməsi istiqamətində böyük motivasiya verir".

"Türk dünyasının bir araya gəlməsi və Türk Dövlətləri Təşkilatında birləşməsi postsovet məkanında yeni bir geosiyasi reallıq formalaşdırır. İndiyədək əsasən Rusiyanın təsiri altında olan bu coğrafiya artıq müstəqil bir məkan kimi çıxış edir. Türk dünyası beynəlxalq münasibətlər sistemində ayrıca bir subyektə çevrilir və bu, həm də Rusiyanın hələ də nəzarətində saxladığı türk xalqlarının azadlıq arzularını stimullaşdırır," - deyə Əli Mustafa vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, bütün bunlar, təbii ki, Rusiyanı qorxudur. Çünki Rusiya son 200 ildə bu coğrafiyanı işğal, istismar edərək, burada yaşayan türk xalqlarını müxtəlif eksperimentlərə məruz qoyub. İndi isə bu zəngin coğrafiya onun əlindən çıxır, iqtisadi gəlirlərini itirir, siyasi təsir imkanları zəifləyir. Bu region artıq müstəqil bir subyekt kimi beynəlxalq münasibətlərdə iştirak etməyə başlayır və Rusiyanın nüfuzu azalır.
Nəticə olaraq, gələcəkdə Rusiyanın öz daxilində yaşayan türk xalqlarının da azadlıq mübarizəsini motivasiya edən amillər yaranır. Bütün bunlar Rusiyanın əsas narahatlıq mənbəyidir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31