İranın Qafqaz ritorikası: Müşavirin bəyanatları Azərbaycan-İran münasibətlərinə təsir edəcəkmi? - ÖZƏL
14:27 Siyasətİranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Qafqaz bölgəsinin İran üçün tarixi əhəmiyyət daşıdığını iddia edib. O, Qurani-Kərimdəki Zülqərneyni Böyük Kir (Kuroş) ilə əlaqələndirərək, Qafqazın İranın "təhlükəsizlik kəməri" olduğunu vurğulayıb. Halbuki, İran hakimiyyəti daxilində Zəngəzur dəhlizi məsələsində fikir ayrılıqları qalır: prezident Məsud Pezeşkian hökuməti daha mötədil mövqe sərgiləsə də, mühafizəkar qanad sərt mövqedədir.
İranın dini və ideoloji dairələrinin Qafqaz məsələsinə dini-mifoloji ritorika ilə yanaşmasının arxasında hansı strateji maraqlar dayanır? Bu cür bəyanatlar İran-Azərbaycan münasibətlərinə gələcəkdə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İranın müəyyən dairələri, xüsusilə son aylarda Vilayəti tərəfindən Cənubi Qafqazdakı proseslərə, Zəngəzur dəhlizi ilə bağlı yanaşmalarına diqqət yetirdikdə görürük ki, İran dini liderinin ətrafında olan şəxslər və mühafizəkar dairələr, Sepahın generalları ümumiyyətlə Güney Qafqazda normallaşmaya qarşı çıxırlar. Azərbaycan və Ermənistanın gərginliyin qalmasını istəyirlər. Çünki bu, İran üçün müəyyən faydalar verə bilər. Burada əsas hədəf Ermənistan deyil, İranın şovinist, ideoloji sistemi əsasən Azərbaycanı hədəf alır. Maraqlıdır ki, 8 avqustda Vaşinqtonda imzalanan anlaşma və Amerika-Ermənistan arasında əldə olunmuş razılaşmalar İran tərəfdən narahatlıq yaratsa da, nədənsə bu narahatlığın hədəfi Ermənistan deyil, Azərbaycan olur. Bu da bəllidir, çünki Vilayəti 33 il öncə İranın xarici siyasət konsepsiyasını hazırlayarkən Azərbaycan Respublikasının mövcudluğunu İranın təhlükəsizliyinə təhdid kimi göstərmişdi.
Bu zehniyyətin daşıyıcıları olan şəxslər artıq Herodotdan, Quranı Kərimdən və digər mütəfəkkirlərdən istinadlar gətirərək öz siyasətlərini əsaslandırmağa çalışırlar. Şübhəsiz ki, bu yanaşmalar Güney Qafqazda hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq. Çünki İran bu aqressiv davranışı ilə əslində Zəngəzur dəhlizi ilə bağlı sənədə imza atmış Amerika prezidentinə və Amerika dövlətinə qarşı mövqe sərgiləyir və bu qarşıdurmanın nəticələri də məlumdur, İran üçün ciddi nəticələr yarada bilər.
Şübhəsiz ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərin tərəfdarı kimi çıxış edir və bu istiqamətdə konkret addımlar atır. Hətta Zəngəzur dəhlizi ilə paralel olaraq Araz vadisi, Araz dəhlizi yaradılması ideyasında İran belə bir şansı Azərbaycan üçün tanıyıb və bundan istifadə etməlidir. Bu məsələlərdə Rəsmi Bakının işləyəcək tərəfi daha çox İranın prezidenti və onun komandası, yəni islahatçılar olmalıdır. Çünki mühafizəkar dairələr əslində İran ətrafında gərginlik yaradır, ora müdaxilə etmək və təsir imkanlarını saxlamağa çalışırlar. Məhz bu siyasətin nəticələrini İran özü artıq görməkdədir. Belə ki, 30 ildən artıq Orta Şərqdə proksi qüvvələri quran İran hələlik həmin qüvvələrin zəifləməsini və öz üzərində müəyyən zərbələrin nəticələrini hiss edir. Bundan sonra da bu cür davranışlar davam edərsə, eyni nəticələrlə yenidən üzləşəcək. Ümumən, bu cür açıqlamalar İran-Azərbaycan münasibətlərinə fayda vermir, əksinə zərər verir".
Zeynəb Mustafazadə