Zəngəzur dəhlizinin (Tramp yolu) açılması türk dövlətləri üçün ciddi əhəmiyyət kəsb edir- ÖZƏL
26 Avqust 2025 10:50 Siyasət"Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri mühüm yer tutur. Azərbaycanla Türkmənistan energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma və mədəni sahələrdə güclü əlaqələr qurub. Hədəflərimiz çox böyük və aydındır. Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Bu, Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı hesab edilir. Şərq-Qərb marşrutunda Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına töhfə verəcək. Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılıq Orta Dəhliz üzərində yerləşən və Avropa ilə Asiya arasında birləşdirici rol oynayan türk dövlətləri üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkmənistan, Özbəkistan arasında nəqliyyat dəhlizinin imkanları bu səfərdə də müzakirə edilən mövzular sırasında olub".