Türk dövlətlərinin beynəlxalq nüfuzu ildən-ilə artır- ÖZƏL

"Vətən müharibəsində əldə etdiyimiz Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, qarşıda duran milli-strateji planları reallaşdırmaq üçün atılan mühüm addımlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirmək, çoxşaxəli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltməkdir". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər fonunda ölkəmizin Türk dünyası ilə, xüsusən Orta Asiya respublikaları ilə qarşılıqlı əlaqələri gücləndirməsi həm də siyasi və tarixi zərurətdən irəli gəlir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın mahiyyətini ehtiva edir. Bu səfər zamanı Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi münasibətlərimizdə yeni səhifə açdı".
Deputat əlavə edib ki, ortaq tarixi, dini, dili və mədəniyyəti bölüşən, eyni kökə malik xalqlar arasında əlaqələri qoruyub saxlamaq, möhkəmləndirmək Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən biridir: "Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Türkmənistan və Özbəkistan dövlətləri ilə münasibətləri daha da inkişaf edib. Uzun illərin sınağından çıxan dostluq əlaqələrimiz bu gün də davam etdirilir. İndiki qeyri-sabit, münaqişələrlə dolu dünyada türk dövlətləri arasında məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir. Azərbaycanın Türkmənistan və Özbəkistanla strateji məsələlərdə mövqeləri üst-üstə düşür. Qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığımız həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir. Türk dövlətlərinin beynəlxalq arenada nüfuzlarının ildən-ilə artması, iqtisadi potensiallarının güclənməsi Azərbaycanı sevindirməyə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31