Laçının azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu- ÖZƏL

"26 avqust tarixi ölkəmizdə Laçın Şəhər Günü kimi qeyd olunur. Bu bayramı təkcə laçınlılar deyil, bütün xalqımız böyük coşğu ilə qeyd edir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya məcbur etdi. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "44 günlük müharibədə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2020-ci ilin 1 dekabrında Laçın rayonu qan tökülmədən qaytarıldı, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna dəfələrlə səfər edib. Dövlət başçısı bir sıra açılışlarla yanaşı İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub. Prezident daim bu rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olur. Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçın şəhərinə ilk köçən sakinlərə evlərin açarlarını təqdim edib. Hazırda isə Laçın şəhərində yüzlərlə ailənin qayıdışı təmin edilib. Eləcə də, Laçının bir sıra kəndlərinə qayıdış baş tutub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31