Azərbaycan–Türkmənistan–Özbəkistan əməkdaşlığı: Böyük geosiyasi əhəmiyyət – ÖZƏL

"Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanmış bəyanat olduqca böyük strateji əhəmiyyətə malikdir. Bu sənəd Cənubi Qafqazda, Xəzəryanı regionda və Orta Asiyada baş verən geosiyasi, geo-iqtisadi və geostrateji proseslərin mühüm tərkib hissəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hazırda Cənubi Qafqaz üzərindən Avropa və Asiya qitələrinin birləşdirilməsi, iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi baxımından yeni, olduqca önəmli bir mərhələ başlayıb. Zəngəzur dəhlizi isə "Tramp körpüsü" adı altında açılmaq üzrədir. Bu dəhlizin mütləq açılacağına qətiyyən şübhə yoxdur. Bu isə o deməkdir ki, Asiya və Avropa dövlətləri arasında birbaşa marşrut imkanları indi tamamilə real xarakter alır.

Siyasi şərhçinin sözlərinə görə, bu prosesin tərkib hissəsi olaraq Azərbaycan, Özbəkistan və Türkmənistan arasında iqtisadi-ticari əməkdaşlıq, həmçinin nəqliyyat-kommunikasiya və digər istiqamətlər üzrə əlaqələr genişləndirilir. Burada nəzərə almaq lazımdır ki, Türkmənistanın enerji resursları da Zəngəzur dəhlizi üzərindən daşına bilər. Yəni, bəzi məlumatlara görə, dəhliz yalnız dəmir yolu və avtomobil yolunu deyil, həm də enerji resurslarının nəqlini təmin edən boru kəmərlərini əhatə edə bilər. Bütün bunları nəzərə alsaq, hətta Zəngəzur dəhlizi üzərindən olmasa belə, Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən - mövcud və ya planlaşdırılan boru kəmərləri vasitəsilə Avropa bazarlarına çıxarılması istiqamətində hazırlıq gedir. Bu isə olduqca böyük əhəmiyyət kəsb edir. Rusiyadan yan keçməklə Orta Asiya enerji resurslarının Qərb bazarlarına çıxarılması strateji xarakter daşıyan bir layihədir və bunun üçün ciddi hazırlıqlar aparılır.

E. Xalidbəyli qeyd edib ki, eyni zamanda, Azərbaycan, Özbəkistan və Türkmənistan arasında imzalanmış bu bəyanat yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının da strateji əhəmiyyətini artıracaq. Bəzi məlumatlara görə, yaxın illərdə Türk Dövlətləri Təşkilatının yeni strateji hədəflərinin müəyyən olunmasına ehtiyac yaranacaq. Hazırda həm Rusiyada, həm də Qərbdə müəyyən dairələr Türk dövlətlərinin inteqrasiya prosesini böyük narahatlıqla izləyirlər. Bu narahatlığın səbəbi aydındır: Türk Dövlətləri Təşkilatı Avropa Birliyinə bənzər iqtisadi, ticari və siyasi xarakterli bir quruma çevrilmək potensialına malikdir. Əgər bu, yaxın gələcəkdə reallaşarsa, Türk dövlətlərinin inkişaf perspektivlərinin qarşısındakı bir çox əngəllərin aradan qaldırılması daha da asanlaşacaq. Bu baxımdan, hazırda Türk dövlətləri arasında imzalanan bütün əməkdaşlıq və tərəfdaşlıq sənədləri yaxın gələcəkdə Təşkilatın dünyada, qlobal məkanda mühüm iradə sahibinə çevrilməsi yolunda atılmış önəmli addımların sırasında yer alır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31